Təhsil naziri Atatürkün gününü dərslikdən sildi – Tarixçi üsyan etdi
Türkiyədə yeni tədris proqramında (kurikulumda) “Qurtuluş Müharibəsi” ifadəsinin əvəzinə “Milli Mübarizə” anlayışından istifadə olunacaq.
Bu barədə Türkiyənin milli təhsil naziri Yusuf Tekin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) deputatları ilə keçirdiyi görüşdə yeni tədris proqramı barədə məlumat verərkən deyib.
"Nədən qurtuluruq? Ondan əvvəl nəhəng Osmanlı İmperiyası var idi", – deyə Tekin bildirib.
Maraqlıdır, bu addım tarixi cəhətdən necə qiymətləndirilir?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan tarixçi Zaur Əliyev bildirib ki, Türkiyədə Atatürk dövrünə aid tarixi faktları və hadisələri silməyə yönələn cəhdlər yeni deyil. Dəfələrlə bu cür təkliflər irəli sürülüb, onun formalaşdırdığı terminologiya və narrativləri zəiflətmək üçün müxtəlif addımlar atılıb:
“AKP hökumətinin Atatürkə qarşı tutduğu mövqe də başadüşülən deyil. Sanki Türkiyəni böyük dövlətlərin parçalanmasından Mustafa Kamal Atatürk yox, Rəcəb Tayyib Ərdoğan xilas edib. Azərbaycanda Məhəmməd Əmin Rəsulzadəyə münasibətlə bağlı müşahidə olunan yanaşmanın bənzəri bu gün Türkiyədə Atatürkə qarşı sərgilənir. Sanki oxşar ssenaridir”.
Tarixçi düşünür ki, bu qərarın məqsədi Atatürkün fəaliyyətini və apardığı mübarizənin nəticələrini arxa plana keçirməkdir. Məntiq isə gənc nəsli tarixin "rasionallaşdırılması" adı altında onun faktoloji və emosional reallığından uzaqlaşdırmaqdır:
“Tarixi şəxsiyyətlərin rolunun yeni terminologiya çərçivəsində yenidən ideoloji tərəfkeşliklə qiymətləndirilməsi təhlükəsini Türkiyədə siyasi hakimiyyət özü yaradır. "Qurtuluş Müharibəsi" ifadəsi birbaşa Mustafa Kamal Atatürkün liderliyi, onun hərbi dühası və darmadağın olmuş ordunu yenidən ayağa qaldıraraq qazandığı qələbə ilə assosiasiya olunur. "Müharibə" termininin arxa plana keçirilməsi isə bu hərbi zəfərin mərkəzində dayanan Atatürkü simvolik olaraq müəyyən qədər kölgədə qoya bilər”.
Zaur Əliyev terminologiyanın dəyişdirilməsinin tarix elmi baxımından böyük bir yenilik olmadığını diqqətə çatdırıb:
“Çünki hər iki termin onilliklərdir akademik ədəbiyyatda paralel şəkildə işlədilir. Məsələn, rəsmi sənədlərdə "Millî Mücadele dönemi" ifadəsinə tez-tez rast gəlinir. Termin dəyişikliyi tarixi reallığı və baş vermiş faktları dəyişmir. Ancaq əgər bu dəyişiklik keçmişin inkarına, tarixi şəxsiyyətlərin və hadisələrin ideoloji təsnifatına gətirib çıxarırsa, o zaman buna tənqidi yanaşmaq zəruridir. Əsas məsələ dərsliklərin üz qabığında yazılan adlar deyil, Atatürkün dünya tarixinə və Türk dünyasına bəxş etdiyi müasir Türkiyədir”.
Qiymət Mahir