Şimalda həftə hərarətli keçdi - İki ölkə raket duelinə çıxdı

Şimalda həftə hərarətli keçdi - İki ölkə raket duelinə çıxdı
05.08.2026 14:57 Təhlil

Son bir həftə ərzində  Rusiya mətbuatının ana xəttini demək olar ki, məhz Ukrayna- Rusiya müharibəsi təşkil edib.

İstər dövlət, istərsə də müstəqil xəbər resursları diqqəti daha çox tərəflərin qarşılıqlı dron və raket zərbələrinə, cəbhə xəttindəki son duruma və bu hücumların Rusiya daxilində doğurduğu fəsadlara yönəldib.

Həftə ərzində ən çox manşetlərə çıxan məsələlərdən biri Ukraynanın Rusiyanın müxtəlif vilayətlərinə PUA zərbələri endirməsi idi. Tula vilayətində yerləşən Wildberries logistika mərkəzinin vurulması, Moskva tərəfə edilən kütləvi dron hücumları, habelə Gelencik yaxınlığındakı Arxipo-Osipovka çimərliyinə düşən zərbə nəticəsində dinc sakinlərin həlak olması xəbər lentlərinin başında yer alıb. Həmçinin Rusiya da Ukraynanın logistika mərkəzlərini hədəf almağa başlayıb. Ölkənin Müdafiə Nazirliyi isə günbəgün onlarla, hətta bəzən yüzlərlə PUA-nın havada sıradan çıxarıldığını bəyan edib.

Paralel olaraq, Rusiyanın Ukrayna ərazisinə endirdiyi cavab zərbələri də gen-bol müzakirə olunub. Yerli media xüsusilə Kiyevə və Kiyev vilayətinə raketlərlə, eləcə də Geran dronları ilə endirilən zərbələri, mühüm logistika obyektlərinin vurulmasını və döyüş meydanında yeni yaşayış məntəqələrinin nəzarətə götürülməsini qabardıb.

Siyasi müstəvidə diqqət çəkən iki əsas məqam var idi: Prezident Vladimir Putinin xaricdə yaşayan və qiyabi təqib olunan şəxslərin hüquqlarını çərçivəyə salan yeni qanunu təsdiqləməsi və müxalif siyasətçi Boris Nadyejdinin ölkəni tərk etməsi. Müstəqil mətbuat bütün bunları daxili siyasi təzyiqlərin növbəti dalğası kimi yozub.

İqtisadiyyat bölmələrində isə əsas diqqət Ukrayna zərbələrinin ölkənin logistika sisteminə və elektron ticarətə vurduğu zərərə, xüsusən də "Wildberries" anbarlarının vurulmasından sonra yaranan çətinliklərə yönəlib. Həmçinin yanacaq bazarında yaşanan son durum və ixrac göstəriciləri də kütləvi informasiya vasitələrinin diqqətindən yayınmayıb.

Rosselxoznadzor-un Ermənistandan gələn kənd təsərrüfatı və qida məhsullarının idxalına qoyduğu qadağalar, habelə iki ölkə arasında ticarət dövriyyəsinin 20%-dən çox azalması diqqət mərkəzində saxlanılıb. Rusiyalı ekspertlər və dövlət rəsmiləri Yerevana xəbərdarlıq ediblər ki, Avrasiya İqtisadi İttifaqından uzaqlaşmaq və Qərbə inteqrasiya olunmaq cəhdləri Ermənistan iqtisadiyyatına kəskin zərbə vuracaq. Həmçinin İrəvanın bu siyasi kursunu davam etdirəcəyi təqdirdə Moskvanın güzəştli qaz nəqlini dayandıra biləcəyi ehtimalları da geniş işıqlandırılıb.

Bir sözlə, bu yeddi gün ərzində Rusiya mətbuatı tam şəkildə müharibə abu-havasında köklənmişdi. Rəsmi dövlət mediası diqqəti təhlükəsizlik tədbirlərinə və cəbhədəki hərbi əməliyyatlara yönəltdiyi halda, müstəqil resurslar müharibənin doğurduğu siyasi, iqtisadi və sosial fəsadları qabartmağa üstünlük verib.

İstifadə olunan mənbələr: TASS;  RT; RIA; Meduza; Mediazona. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər