Seçkilər böyük məğlubiyyətlə bitdi onlar üçün: Paşinyan istefa verir - yeni hökumət qurulur

Seçkilər böyük məğlubiyyətlə bitdi onlar üçün: Paşinyan istefa verir - yeni hökumət qurulur
08.06.2026 14:38 Təhlil

Ermənistanda parlament seçkilərindən sonra siyasi mənzərə kifayət qədər aydındır.

İlkin rəsmi nəticələr və exit-poll göstəricilərinə görə, Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası 49.8–56.7% səs toplayaraq parlamentdə 64 mandat qazanıb. Bu, Paşinyana koalisiya qurmaq ehtiyacı duymadan, təkbaşına hökumət formalaşdırmaq imkanı verir. "Güclü Ermənistan" 29, "Ermənistan Alyansı" isə 12 mandatla parlamentdə təmsil olunacaq. Paşinyan bu nəticəni "tarixi qələbə" adlandıraraq, hökuməti təkbaşına quracağını bəyan edib.

Yeni hökumətin formalaşdırılması prosesi Ermənistan konstitusiyasına uyğun şəkildə həyata keçiriləcək. Seçki nəticələri rəsmi elan edildikdən sonra parlamentin ilk iclası çağırılacaq. Parlament çoxluğu Nikol Paşinyanın Baş nazirliyini təsdiqləyəcək və prezident Vaaqn Xaçaturyan onu rəsmən vəzifəyə təyin edəcək.

Baş nazir təyin olunduqdan sonra 20 gün ərzində yeni kabinetin tərkibi və fəaliyyət proqramı parlamentə təqdim olunmalıdır.

Bu prosesin iyunun ortaları və ya sonuna, yəni 15–25 iyun tarixlərinə qədər yekunlaşacağı gözlənilir. Paşinyanın hazırkı kabinetin əsas heyətini saxlayacağı, lakin sülh prosesi və Qərblə yaxınlaşma kontekstində Xarici İşlər və Müdafiə nazirlikləri kimi strateji postlarda dəyişikliklərə gedəcəyi ehtimal edilir.

Prezident Vaaqn Xaçaturyanın erkən istefası üçün hazırda heç bir hüquqi və ya siyasi əsas yoxdur. Onun səlahiyyət müddəti 2029-cu ilin martına qədər davam edir. Xaçaturyan Paşinyan komandasına yaxın fiqur hesab olunur və parlamentar idarəetmə sistemində daha çox simvolik funksiyalar yerinə yetirir. Sülh müqaviləsi ilə bağlı gözlənilən konstitusiya dəyişiklikləri isə prezidentin postundan getməsinə səbəb ola biləcək bir məsələ deyil.

Paşinyanın seçkidəki inamlı qələbəsi Azərbaycanla sülh danışıqları və konstitusiya islahatları gündəliyini sürətləndirəcək. Parlamentdəki sarsılmaz çoxluq hökumətə daha çevik qərarlar qəbul etmək imkanı verəcək. Rusiya tərəfindən diplomatik təzyiqlərin və müxalifətin seçki saxtakarlığı ilə bağlı ittihamlarının davam edəcəyi proqnozlaşdırılsa da, bu amillərin formalaşacaq siyasi reallığa köklü təsir göstərməyəcəyi görünür.

Jalə Rövşən

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər