Rusiya-Ukrayna müharibəsində yeni mərhələ: Moskva nə planlaşdırır? - ŞƏRH

Rusiya-Ukrayna müharibəsində yeni mərhələ: Moskva nə planlaşdırır? - ŞƏRH
12.08.2026 13:15 Təhlil

Ukrayna müharibənin dayandırılması ilə bağlı təkliflərini ABŞ-yə təqdim edib. Ukrayna Prezidenti Volodimir Zelenski isə Rusiyanın payızda yeni səfərbərliyə hazırlaşdığını və ilin sonunadək yüz minlərlə şəxsin orduya cəlb edilə biləcəyini açıqlayıb.

Maraqlıdır, önümüzdəki aylarda Rusiya-Ukrayna cəbhəsini nə gözləyir ?


Sözügedən məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə TodayPress TV-yə danışıb.

O bildirib ki, Rusiya-Ukrayna müharibəsi artıq yeni mərhələyə keçib və daha dağıdıcı xarakter alıb:

"Rusiya hazırda konkret olaraq səfərbərliyə hazırlaşır. Çünki Moskva heç bir güzəştə getmir və danışıqlarda da maraqlı görünmür. Bu müstəvidə Rusiyanın əsas tələbi Donbasın inzibati ərazisindən Ukrayna qoşunlarının tamamilə çıxarılmasıdır. Təbii ki, Ukrayna buna razı ola bilməz".

Politoloq vurğulayıb ki, Ukrayna öz şərtlərini ABŞ-yə təqdim edib. ABŞ isə hazırda yenidən vasitəçilik missiyasını həyata keçirməyə çalışır:

"Düşünürəm ki, bu istiqamətdə növbəti mərhələdə danışıqların aparılması hələlik real görünmür. Vaşinqton müəyyən cəhdlər göstərəcək. Eyni zamanda Moskva ilə də məxfi danışıqlar aparılır. ABŞ ilk mərhələdə Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində müsbət nəticə əldə etməyə çox çalışdı, lakin bu, mümkün olmadı. Rusiya Şimali Koreyadan da qoşunlar gətirib. Söhbət təxminən 30-35 min hərbçidən gedir və Moskva növbəti aylarda hücum əməliyyatlarını daha da genişləndirə bilər".

Analitik hazırda real mənada danışıqlar prosesinin olmadığını və müharibənin davam edəcəyinin göründüyünü deyib:

"Rusiya öz taktiki və strateji planlarını həyata keçirmək üçün hərbi əməliyyatları davam etdirəcək. Bununla yanaşı, Ukrayna da Rusiyaya dağıdıcı zərbələr endirir. Lakin Rusiyanın Ukraynada tam qələbə qazanmaq şansları yoxdur. Moskva maksimum şəkildə yeni ərazilər ələ keçirməyə və bununla da danışıqlar prosesində Ukraynaya qarşı mümkün qədər böyük təzyiq göstərməyə çalışır".

Jalə Rövşən

XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər