Roma Papasının ilk xarici səfəri: Gözlər Türkiyədə!

Təhlil

27.11.2025 18:05

ABŞ-dən seçilən ilk Roma Papası XIV Leo özünün ilk xarici səfərini Türkiyəyə seçib.  


Səfər Məryəm Ana kilsə tarixinin ən mühüm hadisələrindən biri olan — 1700 il əvvəl Nikiya (indiki İznik) şəhərində keçirilmiş Birinci Ümumdünya Kilsə Şurasının ildönümü ilə bağlıdır. Məhz həmin Şurada bu gün də əksər xristian kilsələrinin təməli sayılan Nikea İnam Kredo­sunun forması qəbul edilmişdi. 

Papa Leo XIV Türkiyədə üç gün davam edəcək sıx proqramlı səfər keçirəcək, daha sonra isə Livana yollanacaq. Onun ilk xarici çıxışları, mədəni və dini baxımdan həssas məkanlara ziyarətləri dünya mediası tərəfindən xüsusilə diqqətlə izlənəcək.

Papanın səfəri ilə bağlı türkiyəli jurnalist və siyasi şərhçi Güngör Yavuzaslan TodayPress TV-yə danışıb. 


O bildirib ki, hazırda bütün dünyanın diqqəti katoliklərin ruhani lideri Papa XIV Leonun İznik səfərinə yönəlib:

"İznikdə keçirilən Kilsə Şurasının 1700 illiyi xristian aləmi üçün son dərəcə böyük əhəmiyyət daşıyır. Çox güman ki, biz katolik dünyasının, hətta bütövlükdə xristianlığın yeni kod və istiqamətlərinin müəyyənləşdiriləcəyi bir səfərdən danışırıq. Roma Papası Fransisk vəfat etməsəydi, bu səfəri o gerçəkləşdirəcəkdi. Onun belə bir vəsiyyət qoyduğu bildirilir: “Məndən sonra gələn Papa mütləq İznikə getsin və Şuranın keçirildiyi yerdə həmin ayini icra etsin". Bu baxımdan səfərin dünyaya təsirləri olduqca önəmlidir".

G.Yavuzaslan qeyd edib ki, bütün dünya həm səfərə hazırlığı, həm də səfərin gedişində baş verəcək hadisələri və onların əks-sədasını diqqətlə izləyəcək:


"Türkiyə bütün inanclar üçün mühüm bir məkan, sivilizasiyaların qovuşduğu nöqtədir. Xüsusilə bu səfərdən sonra Vatikanın atacağı addımlar və ortaya çıxacaq yeni inkişaflar diqqətlə müşahidə olunacaq.

Yeni dünyanın formalaşdığı dövrdəyik. Yeni dünya nizamının ilk şifrələri artıq görünməkdədir: Ukraynadakı müharibə, Yaxın Şərqdəki gərginliklər və Papa tərəfindən Türkiyədə, İznikdə keçiriləcək ayin…

Yeni dünya qurulur və prosesin mərkəzində Türkiyə dayanır".

Qiymət Mahir

TodayPress TV

tag: Güngör Yavuzaslan,Siyasi şərhçi,Roma papası,Türkiyə,Todaypress.tv,