Qlobal güclər Azərbaycanda nə axtarır? Analitik şifrələri açdı

Qlobal güclər Azərbaycanda nə axtarır? Analitik şifrələri açdı
22.07.2026 12:35 Təhlil

Azərbaycan növbəti dəfə beynəlxalq siyasətin və qlobal diplomatiyanın diqqət mərkəzindədir. Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə xarici mətbuatda yayılan iddialara Prezident İlham Əliyevin verdiyi reaksiya məsələnin əhəmiyyətini bir daha gündəmə gətirib. Son 15 ilə nəzər salsaq, görərik ki, NATO–Rusiya, Türkiyə–Rusiya, eləcə də İsrail–Türkiyə kimi barışmaz və ya ziddiyyətli tərəflər məhz Bakını neytral dialoq məkanı olaraq seçiblər.

Bəs nə üçün fərqli geosiyasi qütblərdə dayanan aparıcı dövlətlər məhz Azərbaycanı əsas görüş meydançası kimi görürlər?

Məsələ ilə bağlı siyasi analitik Azər Ayxan TodayPress TV-yə danışarkən bildirib ki, Azərbaycan qlobal güclərin, ziddiyyətli tərəflərin görüş keçirdiyi ölkə kimi də tanınır.

"Belə görüşlər son illər daha intensiv hal alıb. Bunun bir neçə səbəbi ola bilər. Birincisi, Azərbaycanın balanslı xarici siyasəti yada düşür. Prezident İlham Əliyev region və regiondan kənar dövlətlərlə əməkdaşlığa isti baxır. Çinlə, Pakistanla yanaşı, Avropa Birliyinin aparıcı ölkələri ilə yaxın əməkdaşlıq mövcuddur. Türkiyə ilə qardaş ölkə, strateji müttəfiq dövlətik, paraleldə İsraillə də yaxşı əlaqələrə malikik. İran son illər Azərbaycana qarşı tutduğu xoşagəlməz mövqeyə rəğmən, Bakı Tehranla da normal münasibətlər sistemi qurmağa çalışır. Amerika Birləşmiş Ştatları ilə münasibətlər isə son 1 ildə daha fərqli yön alıb. Vaşinqton-Bakı münasibətləri 2025-ci ilin 8 avqust tarixindən bəri yeni mərhələyə qədəm qoyub. Birləşmiş Ştatlar Ermənistanla Azərbaycan arasında sülh prosesinin memarı kimi tarixə öz möhürünü vurdu. Amma burada bir həssas məsələ var: heç bir dövlət Azərbaycanın strateji maraqlarını görməzdən gələ bilməz. Onun qırmızı xəttini keçə bilməz. Buna cəhd göstərən ölkə isə ən ali səviyyədə sərt cavab alır", - deyə o qeyd edib.

Analitik vurğulayıb ki, Azərbaycanın yerləşdiyi coğrafi mövqe onu bütün qlobal güclər üçün cəlbedici edir:

"Müharibədən əvvəl və sonra ölkəmiz yeni əməkdaşlıqlar üçün ən münbit məkan sayılıb. Artıq dəhlizlər uğrunda mübarizənin başladığı və intensivləşdiyi dövrdə kommunikasiya mərkəzinə çevrilən Azərbaycanla hər kəs münasibəti yaxşı tutmağa çalışır."

Azər Ayxan, həmçinin əlavə edib ki, Prezident İlham Əliyev siyasətçi və şəxsiyyət kimi dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır, qəbul edilir. Onun rəhbər olduğu ölkədə qlobal güclərin məxfi görüşlər keçirməsi, bu görüşlərin təhlükəsizliyinin və məxfiliyinin qorunması hər kəsə məlumdur. Ona görə 15 ilə yaxındır Bakı belə görüşlərə ev sahibliyi edir.

Jalə Rövşən

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər