Qanadlı qarışqaların qəfil artmasının səbəbi məlum oldu - Qarşısını almaq üsulları

Qanadlı qarışqaların qəfil artmasının səbəbi məlum oldu - Qarşısını almaq üsulları
10.06.2026 18:45 Təhlil

Son günlər Bakının müxtəlif ərazilərində qanadlı qarışqaların sayı kütləvi şəkildə artıb. Bu hal sakinlərdə qanadlı qarışqaların niyə çoxaldığı ilə bağlı suallar yaradıb.

Mövzu ilə bağlı ekoloq Sadiq Həsənov bildirib ki, müşahidə olunan hal əsasən təbii proseslə bağlıdır:


“Hazırda qarışqaların aktivləşmə dövrüdür. Hava istiləşən kimi onlar hərəkətə başlayırlar. Soyuq aylarda isə qapalı məkanlara çəkilirlər. Yay mövsümündə qarışqalar daha fəal olur və dayanmadan fəaliyyət göstərirlər. Eyni zamanda onların cütləşmə dövrü də başa çatıb ki, bu da saylarının artmasına səbəb olub.”

Ekoloqun sözlərinə görə, dünyada təxminən 14 min növ qarışqa, Azərbaycanda isə 90-a yaxın qarışqa növü mövcuddur. Ölkəmizdə əsasən kiçik ölçülü, narıncı rəngli qarışqalara rast gəlinir və onların əksəriyyəti insan məskənlərinə yaxın ərazilərdə yaşayır.

Mütəxəssis qeyd edib ki, görünən həşəratlar arasında qanadlı fərdlər də var:

“Qarışqaların bəzi növləri və ya fərdləri yeni yaşayış sahələri tapmaq və yer dəyişmək məqsədilə uçurlar. Buna görə də müəyyən dövrlərdə onların kütləvi şəkildə görünməsi mümkündür.”

Sadiq Həsənov bildirib ki, Azərbaycanda rast gəlinən qarışqalar adətən insan sağlamlığı üçün ciddi təhlükə yaratmır. Lakin onların çoxalmasına insanların öz fəaliyyəti də təsir göstərir:

“Şirin qidalar, yemək qalıqları və məişət tullantıları qarışqaları cəlb edir. Həm evlərdə, həm də həyətlərdə təmizliyə diqqət yetirilməməsi onların sayının artmasına şərait yaradır. Bu səbəbdən qida məhsulları qapalı saxlanmalı, tullantılar vaxtında təmizlənməlidir.”

Ekoloq vurğulayıb ki, qarışqalarla mübarizədə kimyəvi vasitələrdən istifadə mümkün olsa da, ən effektiv üsul gigiyena qaydalarına əməl etmək və onları cəlb edən amilləri aradan qaldırmaqdır.

Mütəxəssisin fikrincə, hazırda müşahidə olunan vəziyyət əsasən mövsümi xarakter daşıyır və qarışqaların təbii həyat dövrünün bir hissəsidir.

Xanım Musayeva

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər