Putinlə Zelenskinin görüşünə “qapı” açılır, yoxsa hələ tezdir?  

Putinlə Zelenskinin görüşünə “qapı” açılır, yoxsa hələ tezdir?  
12.09.2026 19:26 Təhlil

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrda Mayamidə keçirilməsi planlaşdırılan "Böyük İyirmilik" (G20) liderlərinin sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi təklif edib.  

O, Putinin sammitdə iştirak edəcəyi təqdirdə Mayamiyə gələcəyini qeyd edib:   

"Bəli, əlbəttə. Biz gəlməliyik. Biz görüşməli, danışmalı və qərarlar qəbul etməliyik".  

Maraqlıdır, bu görüşün baş tutma ehtimalı nə qədər real görünür? Əgər baş tutarsa, Rusiya-Ukrayna müharibəsinin gedişinə və sülh danışıqlarına təsiri necə ola bilər? 

Bu barədə politoloq Aydın Quliyev TodayPress TV-yə danışarkən bildirib ki, sözügedən görüş baş tutsa, çox böyük nəticələr verməsə də, əhəmiyyətsiz olmaz. 


“Əgər görüş baş tutsa, ən azı növbəti görüşlərin keçirilməsi ehtimalı yaranır ki, bu da əhəmiyyətlidir. Amma indiki şəraitdə Putinlə Zelenskinin görüşünün hansı formatda baş tuta biləcəyi belə olduqca mürəkkəb məsələdir. Təkbətək görüş variantı ümumiyyətlə mümkünsüz görünür. Çünki Putinlə Zelenskinin arasında siyasi və dövlətlərarası münasibətlər bir yana qalsın, şəxsi münasibətlər belə olduqca barışmaz və gərgin tondadır. Belə şəraitdə onların üz-üzə görüşməsini təsəvvür etmək belə mümkünsüzdür”, - deyə o izah edib. 

Ekspert vurğulayıb ki, vasitəçilərlə görüşün müxtəlif formaları üzərində düşünmək olar. Məsələn, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə keçirilməsi halında, bu görüşə Avropa İttifaqının (Aİ) və ya Zelenskinin münasibətinin necə olacağı məlum deyil. Çünki Ukrayna lideri Avropa ölkələrini bu müharibədə əsas müttəfiqləri hesab edir. Buna görə də müttəfiqlərsiz, onların təmsilçiləri olmadan Putinlə danışıqlara getmək variantını Zelenskinin nə dərəcədə qəbul edəcəyi, eləcə də Avropa ölkələrinin buna münasibətinin necə olacağı bəlli deyil. 


Siyasi şərhçi qeyd edib ki, bir variant kimi ABŞ liderinin vasitəçiliyi ilə görüşün mümkünlüyündən müəyyən qədər danışmaq olar. Amma Avropa ölkələrinin təmsilçilərinin də görüşə qatılması halında bu görüşün keçirilməsi daha əhəmiyyətli ola bilər: 

“Lakin Trampın vasitəçi kimi qatılması şəraitində belə, görüşün ciddi nəticə verəcəyini düşünmürəm. Ona görə ki, hazırda Ukrayna ilə Rusiya arasında son dərəcə dərin ziddiyyətlər və ciddi mövqe fərqləri var. Demək olar ki, prinsipial sayılan heç bir məsələ ilə bağlı tərəflər arasında yaxınlaşma yoxdur. Bu şəraitdə vasitəçilərlə və ya vasitəçilərsiz dövlət başçılarının, liderlər səviyyəsində görüşünün olub-olmamasının praktiki baxımdan ciddi fərqi olmayacaq. Düşünürəm ki, indiki şəraitdə prinsipial məsələlərlə bağlı mövqelərin yaxınlaşması istiqamətində ciddi iş görülməyibsə, liderlərin görüşü ya mümkün deyil, ya da liderlərin özləri belə bir görüşü münasib bilməyəcəklər”. 

A. Quliyev əlavə edib ki, Putin Zelenski ilə görüş ehtimalını tamamilə istisna edib. Onun mövqeyinə görə, Zelenski ilə görüş yalnız Putinin şərtlərinin qəbul olunacağı təqdirdə mümkündür. Aydın məsələdir ki, Zelenski də belə bir görüşə getməz. 

Politoloq hesab edir ki, konkret şəraitdə Zelenski ilə Putinin görüşü sülh prosesini irəlilətməkdən daha çox, dava-dalaş görüşünə çevrilə bilər ki, buna da lüzum görməyəcəklər. Bu görüşün vaxtı hələ yetişməyib. 

Aysel Mətləb

XƏBƏR LENTİ
12 SENTYABR 2026
Bütün Xəbərlər