Prezident Azərbaycanı Orta Güc elan etdi

Prezident Azərbaycanı Orta Güc elan etdi
13.07.2026 13:09 Təhlil

Şuşada keçirilən 4-cü Qlobal Media Forumu həm regional, həm də qlobal miqyasda növbəti strateji dönüş nöqtəsi oldu. Prezident İlham Əliyevin Forumdakı canlı yayım çıxışı, verdiyi mesajlar və cızdığı xəritə tam dövlət strategiyasının təzahürü idi. Yaxın günlərdə analitiklər, siyasətçilər və media subyektləri dövlət başçısının tribunadan səsləndirdiyi hər rəsmi cümləni dönə-dönə təhlil edəcəklər. Bəli, bu çıxışla Azərbaycanın faktiki olaraq "orta güc" (Middle Power) statusu artıq rəsmiləşdi. Amma bu böyük siyasi hadisənin bir də medianın gözündən qaçmayan, protokollardan kənar, olduqca pozitiv, eyhamlarla zəngin və istiqanlı pərdəarxası var.

Həkəridən gələn səslər...

Əslində, neçə gündür, ölkə rəhbərliyinin Qarabağ səfərini və Şuşa Forumunu sırf erməni mediasından təqib etmək xüsusi zövq verir. Çünki Qarabağda açılan hər yeni stansiya, hər yol, təməli qoyulan hər fabrik İrəvana 44 günlük müharibə qədər ağır və sarsıdıcı təsir edir. Xüsusilə Həkəri çayı üzərində təməli qoyulan Su Elektrik Stansiyası Ermənistanın revanşist xəyallarına vurulan növbəti enerji zərbəsidir.

Erməni mediasının bu isterikası anlaşılandır: Qarabağda böyük ölkə, böyük xalq öz sonuncu adamına qədər doğma torpaqlarına qayıtmaq üçün səfərbər olub. Şuşada bu miqyasda Forumun keçirilməsi isə qlobal diqqəti Qarabağın tarixinə, işğalın silinən izlərinə və bu günün möhtəşəm quruculuq reallığına cəlb etmək layihəsidir.

Protokol xaricindəki dialoq: "İndi minalar yoxdur…”

Prezidentin rəsmi çıxışları qədər, forum iştirakçıları ilə birbaşa, səmimi təmasları da siyasi mesajlarla dolu idi. Bax, elə o xarici xanım jurnalistlə yaşanan dialoq nəyə desəniz dəyərdi.

Jurnalist xanımın həyəcanla Prezidentə dediyi fikirlər reallığın ən sadə dillə ifadəsi idi. O, Şuşadakı mühiti, təhlükəsizliyi və möhtəşəm qələbə aurasını görəndə hisslərini gizlədə bilmədi. Cümlələr səs-küydə fərqli eşidilsə də, daşıdığı məna dəqiqliklə belə idi: "Burda mina yoxdur, Qarabağ var!.

Dövlət başçısı da eyni səmimiyyətlə bu torpaqların artıq tamamilə təhlükəsiz olduğunu təsdiqlədi. Bəli, Azərbaycan Qarabağda yaratdığı yeni təhlükəsizlik və sülh mühitinin dünyaya birbaşa, vizual sübut edir. Artıq sadəcə öz daxili problemlərimizi həll edən lokal oyunçu deyilik. Beynəlxalq münasibətlər sistemində Orta Güc statusumuzu qəti şəkildə möhürlədik. 

Azərbaycanın Orta Güc statusunu şərtləndirən elementlər onun həm regional, həm də qlobal miqyasda formalaşdırdığı yeni reallıqlara əsaslanır. Ölkəmiz Şərq-Qərb (Orta Dəhliz) və Şimal-Cənub nəqliyyat arteriyalarının tam mərkəzində yerləşməklə qlobal logistikanın idarəolunmasında kritik qovşaq rolunu oynayır. Eyni zamanda Cənub Qaz Dəhlizi başda olmaqla Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş statusunu möhürləyərək öz geosiyasi çəkisini maksimuma çatdırıb. İkinci Qarabağ müharibəsindən sonra regionun ən müasir ordusu ilə Cənubi Qafqazın subregional hərbi-siyasi balansını birdəfəlik öz xeyrinə dəyişib. Böyük güclər arasında mükəmməl neytrallıq qorumaqla yanaşı, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi platformalarda ustad balans və diplomatik liderlik nümayiş etdirir. Cənubi Qafqaz iqtisadiyyatının aslan payına nəzarət etməsi və minimum xarici borcu sayəsində heç bir xarici gücdən asılı olmayan mütləq iqtisadi suverenliyə malikdir. Nəhayət, COP29 və Şuşa Qlobal Media Forumu kimi nəhəng beynəlxalq tədbirlərlə özünü dünyaya sivilizasiyalararası körpü və əvəzedilməz qlobal dialoq platforması kimi qəbul etdirir.

Qiymət Mahir

XƏBƏR LENTİ
13 IYUL 2026
Bütün Xəbərlər