Paşinyana YENİ RƏQİB: Simonyan prezident olacaq?

Təhlil

28.11.2025 17:51

Ermənistan mediası yazır ki, parlamentin sədri Alen Simonyanın siyasi gələcəyi qeyri-müəyyənləşib. “Vətəndaş Müqaviləsi” Partiyasından sızan xəbərlərə əsasən, Simonyan növbəti parlament tərkibində olmayacaq, çünki sıravi deputat kimi qalmağa razı deyil. Bir müddət əvvəl onun prezidentliyə namizəd kimi nəzərdən keçirildiyi iddia edilsə də, Ermənistanın baş naziri Nikol Paşinyanın ona olan məyusluğu – həm şəxsi həyatla bağlı narazılıqlar, həm də yeni siyasi favoritlərin ortaya çıxması – bu ehtimalı gündəmdən çıxarıb.


Maraqlıdır, ətrafında gedən siyasi proseslər və tənqidlər fonunda Simonyanın Prezident olma ehtimalı nə dərəcədə realdır? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Tofiq Abbasov bildirib ki, Ermənistanda seçkiöncəsi dinamika artır: 


"Ermənistan artıq demək olar ki, qarşıdan gələn parlament seçkilərinin ruhunda hərəkət edir və bütün siyasi qüvvələr dinamik bir vəziyyətdədir. Təbii ki, burada pərdəarxasında çox sayda proseslər gedir: danışıqlar, sövdələşmələr, razılaşmalar və sair. Alen Simonyan isə hazırda parlamentin sədri kimi Ermənistanda nisbətən daha praqmatik görünən xadimlərdən biridir. O, müxtəlif çıxışlarında Ermənistan cəmiyyətinin və dövlətinin qonşularla sülh və barışığa hazır olması gərəkliyini vurğulayır".

Onun sözlərinə görə, son günlər Simonyanın səsləndirdiyi bəzi fikirlər diqqət çəkir:

“Azərbaycana getməyə hazıram”, “Azərbaycan parlamentinin sədrini qəbul etməyə hazıram”, “xalqımız arasında alış-veriş olmalıdır”, “sülh şəraiti üçün qarşılıqlı münasibətlər qurulmalıdır” və s. Yəni o, faktiki olaraq kompromisə meyilli siyasətçi təsiri bağışlayır.

Analitik qeyd edib ki, ölkədəki qeyri-stabil mühit seçki nəticəsini əvvəlcədən deməyə imkan vermir: 

"Vətəndaş Müqaviləsi Partiyasının daxilində də görünür ki, yeni cərəyanlar formalaşır və bu mərhələdə “hakim partiya iyun seçkilərində yüz faiz qalib gələcək” demək çətindir. Ermənistan cəmiyyəti elədir ki, istənilən anda terror aktı, dövlət çevrilişi və ya kəskin daxili gərginlik ortaya çıxa bilər. Buna görə də indidən tam qətiyyətlə “Paşinyanın komandası qazanacaq” iddiası irəli sürmək doğru olmaz".

O bildirib ki, hakim partiyada çatlar dərinləşir:


"Bununla belə, mübarizə olacağı şübhəsizdir. Seçkiöncəsi bütün partiyalar elektorat uğrunda fəallaşır və görünür ki, hakim partiyanın daxilində artıq müəyyən çatlar meydana gəlib. Əgər Simonyanın özü və ya partiya daxilindəki mənbələr seçkilərdən sonra onun spiker olmayacağını iddia edirlərsə, deməli, komandada ciddi yerdəyişmələr baş verir. Ehtimal etmək olar ki, Simonyanla Paşinyan arasında müəyyən anlaşılmazlıqlar və ya rəqabət mövcuddur. Kim bu mərhələdə daha ehtiyatlı və ağıllı hərəkət edəcəksə, seçkidən sonrakı dönəm üçün özünə əlavə üstünlük yarada bilər".

Ekspertin fikrincə, Simonyanın prezident postuna namizəd ola bilməsi də real ehtimaldır. Ermənistan parlament respublikasıdır və icra hakimiyyətinin əsas səlahiyyətləri baş nazirin əlində cəmləşib. Prezident isə daha çox simvolik və hüquqi prosedur funksiyalarını yerinə yetirir. Buna görə də Simonyanın bu posta keçməsi mümkündür.

Tofiq Abbasov, həmçinin qeyd edib ki, Paşinyanın təcrübəsi seçkiöncəsi yenilənmiş siyasi planlar təqdim etməyə imkan verir: 

"Proseslər hələ davam edir. Ehtimal etmək olar ki, Paşinyan seçkiöncəsi yeni bir plan, anti-böhran proqramı və ya institusional dəyişikliklərlə bağlı təkliflər irəli sürsün. O, sadəlövh görünsə də, 2018-ci ildən bəri yeddi illik hakimiyyət təcrübəsi ona müəyyən siyasi çeviklik qazandırıb. Səhvləri olub, qeyri-real fikirləri də səsləndirib, amma təcrübə də toplamış şəxsdir. Hüquq-mühafizə orqanlarının ona etimadı və qarşılıqlı inam da onun siyasi dayaqlarından biridir".

Politoloq sonda əlavə edib ki, hazırkı mərhələdə Ermənistanda nisbi seçkiöncəsi sabitlik var. Lakin istənilən anda vəziyyət köklü şəkildə dəyişə bilər. Bu cür dəyişikliklər isə siyasi qüvvələrin manevr imkanlarını və böhrandan çıxma bacarığını ortaya qoyur. Nəticədə proseslərin necə yekunlaşacağı, əsasən, hakim partiyanın davranışından asılı olacaq.

Jalə Rövşən

TodayPress TV

tag: Tofiq Abbasov,Politoloq,Paşinyan,Simonyan,Todaypress.tv,