“Müharibəni dayandıracaq yeganə platforma…” — Türkiyə yenidən prosesin mərkəzinə qayıdır

Təhlil

19.11.2025 15:15

“Türkiyənin Rusiya–Ukrayna müharibəsinin dayandırılması istiqamətində oynadığı rol həlledicidir. Taxıl sazişindən tutmuş əsir mübadiləsinə qədər aparılan bütün humanitar proseslər göstərir ki, münaqişənin sona çatdırılması üçün ən real platforma məhz Türkiyədir”.

Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bunu TodayPress TV-yə açıqlamasında deyib.


O bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin müharibənin ən gərgin günlərində ABŞ prezidenti Donald Trampın qeyri-adekvat davranışlarından sonra ilk olaraq Türkiyəyə səfər etməsi təsadüfi deyildi:


“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın onu çətir altında qoruması sırf simvolik jest deyildi — bu, siyasi mesaj idi: Türkiyə Ukraynanın yanındadır. Həmin jestdən sonra Avropa liderləri fəallaşdı və Trampın Kiyevə münasibətdə sərt xəttini yumşaltmaq mümkün oldu”.

Azər Qasımov hesab edir ki, Zelenskinin növbəti Ankara səfəri ABŞ-nin “Rosneft” və “Lukoyl” şirkətlərinə sanksiya tətbiqi fonunda yeni geosiyasi situasiya yaradıb:

“Bu konfiqurasiya Türkiyənin danışıqlar prosesinə yenidən aktiv daxil olması üçün əlverişlidir. Ərdoğanın həm Rusiya, həm də Ukrayna ilə institusional əlaqələri var və bu, masa arxasında dönüş yaratmağa imkan verir”.

Ekspertə görə, əsas məsələ Zelenskinin danışıqlara dair mövqeyinin müəyyənləşdirilməsidir:

“Rusiya ilə mümkün razılaşmanın sərhədləri barədə Zelenskiyə ən düzgün məsləhəti məhz Ərdoğanın verə biləcəyi gözləniləndir. Müharibədən çıxış üçün müəyyən güzəştlər qaçılmazdır. Artıq prioritet “müharibəni sonadək davam etdirmək” yox, “onu mümkün qədər tez dayandırmaq” olmalıdır”.

Politoloq, həmçinin Tramp faktoruna diqqət çəkib:


“Hazırlanacaq bütün mesajlar Trampa da çatdırılmalıdır. Amma bunu onun anlayacağı dildə izah edəcək yeganə lider Ərdoğandır. Çünki Trampın Zelenski ilə ünsiyyət tərzi amiranə, emosional və çox vaxt qeyri-adekvatdır”.

Azər Qasımov sonda qeyd edib ki, məhz Türkiyənin vasitəçiliyi savaşın sonlandırılması üçün real yol xəritəsi formalaşdıra bilər və hazırkı şəraitdə Ankara ən kritik oyunçuya çevrilir.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski  noyabrın 19-da Türkiyəyə səfər edib. 

Qiymət Mahir

TodayPress TV

tag: Azər Qasımov,Politoloq,Rusiya,Ukrayna,Türkiyə,Todaypress.tv,