Müharibədən sülhə gedən yol İstanbuldan keçəcək? - Zelenski Ankaraya İŞARƏ ETDİ

Müharibədən sülhə gedən yol İstanbuldan keçəcək? - Zelenski Ankaraya İŞARƏ ETDİ
12.09.2026 17:10 Təhlil

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə növbəti sülh görüşünün keçirilməsi üçün Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə və digər ölkələrin mümkün məkan kimi nəzərdən keçirilə biləcəyini bildirib. 

“Növbəti belə görüş Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə və ya digər ölkələr tərəfindən təşkil oluna bilər”, - deyə Zelenski qeyd edib. 

Bu açıqlama Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində Türkiyənin mümkün vasitəçilik rolunu yenidən gündəmə gətirir. Türkiyənin daha əvvəl Rusiya və Ukrayna arasında danışıqlara ev sahibliyi etməsi Ankaranın tərəflər arasında diplomatik təmasların qurulmasında mühüm rol oynaya biləcəyini göstərir.  

Mövzu ilə bağlı Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, türkiyəli politoloq Hasan Oktay TodayPress TV-yə açıqlama verib. 


O xatırladıb ki, 2022-ci il fevralın 24-də Rusiya-Ukrayna böhranı müharibə mərhələsinə keçdi. Qısa müddətdə Rusiyanın Ukraynanı ələ keçirəcəyi tezisi əsasında hərəkət edildikdə, bu gözlənti arzu edildiyi kimi nəticələnmədi və Ukrayna Rusiyaya qarşı bacardığı qədər müqavimət göstərdi.  

Ekspertin sözlərinə görə, bu gün gəldiyimiz mərhələdə Ukrayna öz ərazilərini işğaldan azad etməyə çalışarkən, eyni zamanda pilotsuz uçuş aparatları (PUA) ilə Moskvaya qədər Rusiyanın bütün strateji enerji mənbələrinə hücumlara keçib. Avropa və Amerika Ukrayna üzərindən Rusiyanı zəiflətməyə çalışarkən, Moskva bu addımı gördüyü üçün müxtəlif manevrlərlə yenidən sülh masasının gündəmə gəlməsini istəyir. 

“Türkiyənin Rusiya ilə Ukrayna arasında mümkün yeni sülh sammitinə ev sahibliyi etməsi və vasitəçilik rolunu öz üzərinə götürməsi həm keçmiş təcrübələr, həm də meydandakı geosiyasi reallıqlar nəzərə alındıqda tamamilə rasional və real əsaslara söykənir. Rusiya Prezidenti Vladimir Putinin 2022-ci ildəki İstanbul razılaşmalarını və Kiyev rəhbərliyinin Türkiyədə liderlər səviyyəsində görüşə yaşıl işıq yandırması Ankaranın bu prosesdəki mövqeyini təsdiqləyir”, - deyə o vurğulayıb. 

Siyasi şərhçi izah edib ki, 2022-ci ildə ilk təmasların və Taxıl Dəhlizi Sazişinin İstanbulda uğurla həyata keçirilməsi tərəflərin böhran zamanı müraciət edə biləcəyi etibarlı yeganə ortaq infrastrukturun Türkiyə olduğunu sübut edib. Bundan əlavə, müharibənin dəniz ticarətinə, limanlara və enerji xətlərinə vurduğu zərərin aradan qaldırılması boğazlar üzərindəki səlahiyyət və məsuliyyətini diqqətlə həyata keçirən Türkiyənin birbaşa diplomatik nəzarəti ilə mümkündür. Həmçinin Qərblə Rusiya arasında dərin etimad böhranının yaşandığı bir şəraitdə tərəflərin masa arxasında əyləşə biləcəyi yeganə coğrafiya olan Türkiyə böhranın qlobal fəlakətə çevrilməsinin qarşısını alan ən mühüm təhlükəsizlik amillərindən biridir. 

“Hərbi balansların meydanda dalana dirəndiyi hazırkı mərhələdə Türkiyənin həyata keçirdiyi bu çoxşaxəli balans siyasəti və vasitəçilik missiyası yalnız Ukrayna böhranının həllinə deyil, Qara dəniz hövzəsindən Qafqazadək uzanan geniş coğrafiyada davamlı sülh nizamının qurulmasına rəhbərlik etməsi baxımından həyati əhəmiyyət daşıyır”. 

Politoloq hesab edir ki, Türkiyənin NATO ölkəsi kimi Rusiya ilə münasibətlərini saxlaması, həm NATO-nun, həm də Rusiyanın etimadını qazanmış dövlət olması, Ukrayna üzərindən Rusiyaya qarşı aparılan bu müharibədə Avropa İttifaqının da ciddi risk altında qalması Türkiyənin rolunu daha da ön plana çıxarır. Məhz bu məqamda Türkiyənin Rusiya ilə Ukrayna arasındakı sülh danışıqlarını daha əvvəl olduğu kimi İstanbul sülh masası arxasında bir araya gətirərək həllə nail olmaq imkan və ehtimalı daha yüksəkdir.  

H. Oktay sonda bildirib ki, müharibənin Qara dənizə və Rusiyanın şərqinə sıçraması Türkiyənin ticarət fəaliyyətinə də ciddi təsir göstərdiyi üçün Türkiyə artıq bu müharibənin daha da uzanmasını istəmir və mümkün qədər tez davamlı sülhün İstanbulda sınaqdan keçirilməsi ilə bağlı diplomatik təmaslarını davam etdirir. 

Aysel Mətləb

XƏBƏR LENTİ
12 SENTYABR 2026
Bütün Xəbərlər