Moskvanın Hindistan ümidləri: Sammit “xilas yolu” olacaq?
Təhlil
18.11.2025 14:23
“Rusiya-Hindistan sammitinin üç həftə sonra Yeni Dehlidə keçirilməsi Moskvanın Asiya istiqamətini dirçəltmək cəhdinin növbəti epizodudur”.
Politoloq Tural İsmayılov bunu TodayPress TV-yə açıqlamasında deyib.

O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin uzun fasilədən sonra Hindistana səfər etməklə “biz buradayıq” mesajı vermək istəyir, amma Kremlin regional çəkisi əvvəlki kimi deyil:
“Moskva hələ də Ukrayna müharibəsinin ağır yükündən çıxa bilmədiyi üçün Asiya tərəfdaşlığı onun üçün seçim yox, məcburiyyətə çevrilib. Hindistan isə bu prosesi soyuq başla izləyir, çünki Dehli Moskvanın zəifləməsinin fərqindədir və Rusiya ilə münasibətləri tam əvvəlki intensitetdə saxlamaq istəmir. Baş nazir Narenda Modi hökuməti Qərb bazarlarına daha çox inteqrasiya olunub, buna görə də Rusiyanı həddindən artıq yaxın buraxmaqda tərəddüd edir. Eyni zamanda Hindistanın “çoxvektorlu siyasət” adlanan xətti bəzən həddindən artıq oynaq görünür, nə Vaşinqtondan, nə də Moskvadan tam açıq mesaj almadan özünü regional super oyunçu kimi göstərməyə çalışır. Kremlin də bu qeyri-müəyyənliklə barışmaqdan başqa yolu yoxdur. Buna baxmayaraq, Putin sammitdə iştirak etməyə ciddi hazırlaşır, çünki Hindistan Rusiya üçün həm bazar, həm də diplomatik oksigen rolunu oynayır. Amma Moskva bəzən bu münasibəti artıq “təbii müttəfiqlik” kimi təqdim edir ki, bu da reallığı çox şişirdir. Hindistan isə öz növbəsində bəzən Rusiya ilə tarixi münasibətlərə həddindən artıq nostalji ilə yanaşır və bunu real geosiyasi tələblərlə uzlaşdıra bilmir”.
Ekspertin fikrincə, sammit olsa belə, böyük dönüş gözləmək çətindir. Çünki iki ölkə də qarşılıqlı maraqları etiraf etsə də, strateji sinxronluq əvvəlki dövrdəki kimi möhkəm deyil.
Buna baxmayaraq T.İsmayılov düşünür ki, Putin səfərə gedə bilər:
“Sadəcə nəticələrin parlaq olacağını gözləmək illüziya olardı”.
Qeyd edək ki, üç həftə sonra Yeni Dehlidə Rusiya-Hindistan sammiti gözlənilir. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov hindistanlı həmkarı Subrahmanyam Cayşankar ilə görüşdə deyib.
Bundan əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov da Prezident Vladimir Putinin Hindistana səfərinin 2025-ci ilin sonuna planlaşdırıldığını açıqlamışdı. Onun sözlərinə görə, hazırda fəal hazırlıq gedir.
Qiymət Mahir
tag: Tural İsmayılov,Rusiya-Hindistan sammiti, Dehli,Moskva,Todaypress.tv,
