Miqrasiya siyasətində sərt gedişlər: Avropa humanizmi tarixə qovuşur...

Təhlil

09.12.2025 17:42

Avropa İttifaqı (Aİ ) qeyri-qanuni miqrasiyaya nəzarəti gücləndirmək üçün sığınacaq axtaranların daha sadə deportasiyası və yükün üzv ölkələr arasında bölüşdürülməsini nəzərdə tutan yeni mexanizmlər üzrə razılığa gəlib. “Təhlükəsiz üçüncü ölkə” siyahısına Banqladeş, Kolumbiya, Misir, Hindistan, Kosovo, Mərakeş və Tunis daxil edilib. Yeni qaydalar 2026-cı ildən qüvvəyə minəcək.  

Bəs  bu qərar hansı məqsədi daşıyır? Aİ miqrasiya siyasətində humanitar yanaşmanı gözardı edir? 

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Məhəmməd Əsədullazadə  bildirib ki, Aİ miqrasiyanı artan geosiyasi təzyiqlərə görə sərtləşdirir:


"Avropa İttifaqının qeyri-qanuni immiqrasiyaya nəzarəti gücləndirməsi, düşünürəm ki, birbaşa geosiyasi reallıqlardan irəli gəlir. Çünki Rusiya–Ukrayna müharibəsi, eyni zamanda Ərəb Baharı, Suriyada yaranmış böhran və uzunmüddətli müharibə vəziyyəti Avropaya doğru qaçqın axınını xeyli artırdı və miqrantların bu istiqamətə yönəlməsinə ciddi təsir göstərdi".

Analitik qeyd edib ki, Avropa artıq humanist yox, təhlükəsizlik maraqları ilə hərəkət edir:

 "Bu gün Avropa İttifaqı artıq əvvəlki kimi yalnız sosial yönümlü siyasət aparmır, daha çox öz iqtisadiyyatını hərbi rejimə uyğunlaşdırır. Bu da birbaşa Rusiya–Ukrayna müharibəsi ilə əlaqədardır. Mən burada hər hansı humanist yanaşmadan çox, real geosiyasi və təhlükəsizlik maraqlarına uyğun atılan addımlar görürəm. Avropa sadəcə olaraq mövcud reallıqlara uyğun hərəkət edir". 

Jalə Rövşən

TodayPress TV

tag: Məhəmməd Əsədullazadə,Politoloq,Miqrasiya,Avropa,Todaypress.tv,