Minsk qrupu TARİXƏ QOVUŞDU: Bölgədə yeni siyasi mərhələ!

Təhlil

01.12.2025 17:48

“Azərbaycanın ATƏT-in Minsk qrupu ilə bağlı hədəfinə nail olması Cənubi Qafqazda yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”. 

Milli Məclisin deputatı Elçin Mirzəbəyli bunu TodayPress TV-yə açıqlamasında deyib.


Onun sözlərinə görə, bu addım təkcə formal prosedur deyil, bölgədə otuz ilə yaxın davam etmiş, lakin nəticə verməmiş vasitəçilik modelinin hüquqi və siyasi müstəvidə tam şəkildə tarixə qovuşması deməkdir:

“Eyni zamanda Azərbaycanın 2020-ci ildən bəri ardıcıl şəkildə irəli sürdüyü post-münaqişə reallıqlarının tanınması tələbinin beynəlxalq səviyyədə təsdiqi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın mövqeyinin nəticəsi olaraq ATƏT çərçivəsində 57 ölkənin konsensusla verdiyi qərar Minsk qrupu və ona bağlı strukturların rəsmi şəkildə ləğvini təmin edir. Bu fakt Azərbaycanın mövqeyinin legitimliyinin və beynəlxalq miqyasda qəbul edildiyinin aydın göstəricisidir. Zəngəzur dəhlizi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması kimi məsələlərdə iştirakını davam etdirmək üçün İrəvan reallığı qəbul etmək zərurəti qarşısında qalıb”.

Parlamentari izah edib ki, Minsk qrupunun tarixə qovuşması Ermənistan üçün geosiyasi adaptasiya, Azərbaycan üçün isə diplomatik üstünlüyün növbəti təsdiqi kimi çıxış edir. O bildirib ki, bu hadisə, həmçinin bölgədə yeni təhlükəsizlik arxitekturasının formalaşması baxımından dönüş nöqtəsi hesab oluna bilər:


“Azərbaycan göstərdi ki, Cənubi Qafqazda davamlı sülh yalnız regional sahiblik, ikitərəfli dialoq və suverenlik prinsiplərinə əsaslanan yanaşma ilə mümkündür. Bu model Azərbaycanın post-münaqişə dövründə müəyyən etdiyi siyasi xəttin məntiqi davamı olmaqla yanaşı, həm də ölkəmizin bölgədə real güc və məsuliyyət sahibinə çevrilməsini təsdiqləyir”.

E.Mirzəbəylinin qənaətincə, ATƏT-in Minsk Qrupunun ləğvi Azərbaycan diplomatiyasının yeni geosiyasi reallıqlar fonunda əldə etdiyi ən mühüm strateji nailiyyətlərdən biri kimi tarixə düşəcək:

“Bu qərarla nəticəsiz vasitəçilik dövrü rəsmi şəkildə başa çatdı, post-münaqişə mərhələsinin hüquqi çərçivəsi beynəlxalq səviyyədə təsdiq olundu, Azərbaycanın bölgədə təklif etdiyi yeni təhlükəsizlik modelinin əsas komponentləri qəbul edildi. Ermənistanın köhnə formatlara ümidlərinin tamamilə aradan qalxması isə sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması və Cənubi Qafqazın inteqrasiyası istiqamətində yeni imkanlar yaradıb”.

Qeyd edək ki, ATƏT Minsk prosesi və onunla əlaqəli strukturların bağlanmasını başa çatdırıb.

Bu barədə ATƏT-in bəyanatında deyilir:

"ATƏT 2025-ci il sentyabrın 1-də Ermənistan və Azərbaycanın ATƏT-in Finlandiya sədrliyinə birgə müraciətindən sonra qəbul edilmiş Nazirlər Şurasının MC.DEC/1/25 qərarına uyğun olaraq, 2025-ci il noyabrın 30-da saat 23:59-da Minsk prosesinin və onunla əlaqəli strukturların bağlanmasını başa çatdırıb”.

Təşkilatdan bildirilib ki, bütün inzibati prosedurların başa çatması Minsk prosesinin qəti bağlanması deməkdir.

Qiymət Mahir

TodayPress TV

tag: Elçin Mirzəbəyli,Deputat,Rus evi,Açıqlama,Todaypress.tv,