Məscidlərə gözü kor, dili lal olan Paris xristian təəssübkeşliyi çəkir? Bakıya qarşı açıq təxribat

Məscidlərə gözü  kor, dili lal olan Paris xristian təəssübkeşliyi çəkir? Bakıya qarşı açıq təxribat
04.07.2026 14:50 Təhlil

İyulun 1-də "France Télévisions" qrupuna daxil olan "France 2" televiziya kanalında yayımlanan "Şərq xristianları" verilişi "Facebook" səhifəsində "Qafqaz xristianlarının tarixi" sənədli filminin anonsunu (önizləməsini) paylaşıb.

TodayPress TV "Minval"a istinadən xəbər verir ki, filmin rejissorları Tomas Vallu və Qiyom Yuriandır.

Bu "sənədli film"in saxtakarlıq və açıq-açkar təxribatlarla dolu olduğunu demək belə azlıq təşkil edir.

İlk növbədə, nəşrdə iddia olunur ki, “ermənilərin Dağlıq Qarabağdan Azərbaycana köçürülməsindən sonra dini irsin gələcəyi yaddaş və tarixin vacib məsələsinə çevrilir”.

Belə çıxır ki, erməni işğalçıları Qarabağdakı 67 məsciddən 63-nü dağıdanda, qalanlarında donuz saxlayanda, muzeyləri, qəbiristanlıqları, türbələri və ziyarətgahları talan edəndə bu, "yaddaş və tarixin əsas məsələsi" deyilmiş. Qarabağda ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa edən Azərbaycan isə xristian kilsələri və monastırları da daxil olmaqla, həqiqətən dəyərli olan memarlıq irsini qorumaq üçün bütün tədbirləri görüb. Hazırda orada bərpa işləri aparılır.

Fransızların isterik ifadəsi ilə desək, "dağıdılmış" obyektlər Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi dövrdə tikdiyi dini binalardır. Lakin beynəlxalq hüquqa görə, işğalçılar tərəfindən həyata keçirilən bu cür "özbaşına tikintilər" xüsusi statusa malik deyil. Buna görə də keçmiş hərbi hissələrin ərazisində, həlak olmuş erməni hərbçilərinin şərəfinə tikilmiş xaçkarlar (xaç daşları), kilsələr və ibadətgahlar sökülür.

Azərbaycan öz ərazisində işğalçıların mirasına dözmək məcburiyyətində deyil. Bəs elə isə bu isteriyanın və özünü yerə-göyə çırpmağın səbəbi nədir?

Lakin fransız saxtakarları bununla da kifayətlənmirlər. Onlar Qafqaz Albaniyasının tarixini yenidən yazmağa çalışırlar. Artıq yayımlanmış treylerdən də göründüyü kimi, Qafqaz Albaniyasının X-XI əsrlərdə mövcudluğunu dayandırdığı və o vaxtdan bəri bu ərazilərdə erməni hakimiyyətinin qurulduğu versiyasını şiddətlə təbliğ edirlər. Beləliklə, müəlliflər müasir dövrdə Alban kilsələrinin mövcudluğunu və bölgədəki bir sıra xristian abidələrinin Qafqaz Albaniyasının irsi ilə əlaqəsini şübhə altına alırlar.

İndi isə bir az tarixə nəzər salaq. Bəli, Qafqaz Albaniyası bir dövlət kimi mövcudluğunu dayandırdı, lakin Alban Kilsəsi mövcud olmağa davam etdi. Onun öz katolikosu var idi, monastır və kilsələri fəaliyyət göstərirdi. Azərbaycan ərazilərində əhəmiyyətli dərəcədə erməni varlığı isə yalnız 19-cu əsrdə — Türkmənçay müqaviləsindən sonra, Rusiya İmperiyası köçürmə siyasətinə başladıqda yarandı. Qafqazda xristian forpostuna ehtiyac duyduğu üçün Rusiya İran və Osmanlı İmperiyasından erməniləri fəal şəkildə bu bölgəyə köçürdü.

Bundan əlavə, Rusiya hakimiyyəti bütün etik və kanonik qanunları pozaraq Alban Kilsəsinin əmlakını və icmalarını Erməni Kilsəsinə tabe etdirdi.

Bəs necə olur, fransızlar bundan xəbərsizdirlər? Akademiklər, dini dairələr, Vatikan bunu bilir, amma "France 2" kanalının redaktorları tamamilə məlumatsızdırlar? Yoxsa rəsmi Parisin hazırkı siyasi kursunu nəzərə alaraq, onlar qəsdən təxribatlara və uydurmalara əl atırlar?

Gəlin realist olaq. Treylerin məzmunu göstərir ki, bu film beynəlxalq ictimaiyyətə təqdim edilən tarixi faktları və Azərbaycanın Qafqaz Albaniyası məsələsindəki mövqeyini şübhə altına almaq, həmçinin mövzu ilə bağlı çox konkret siyasi və ideoloji mesajlar çatdırmaq məqsədilə çəkilib. Bu çirkli işi görənlərin məhz fransız jurnalistləri olması heç də təəccüblü deyil.

Görünür, Paris hələ də Ermənistan qapısından Qafqaza gizlicə daxil olmaq ümidini itirməyib. Sadəcə, fərqində deyillər ki, istifadə etdikləri xəritələr artıq çoxdan köhnəlib və saxtadır.

XƏBƏR LENTİ
04 IYUL 2026
Bütün Xəbərlər