Məktəblərdə Xameneiyə mahnı oxudan hicablı müəllimlərin ƏSL VƏTƏNİ HARADIR?

Məktəblərdə Xameneiyə mahnı oxudan hicablı müəllimlərin ƏSL VƏTƏNİ HARADIR?
10.10.2026 16:37 Təhlil

Vahid məktəbli geyimi ilə bağlı qərarın qəbulundan sonra təhsil müəssisələrində baş verən bəzi hadisələr və cəmiyyətdə bəzi şəxslərin qaldırdığı etirazlar məktəblərdə milli dəyərlər, dini təsirlər və təhsil mühitinin mahiyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirir. Məsələn, yadınızdadırsa, Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə müəllimin şagirdlərə İranın ali dini lideri Əli Xameneiyə həsr olunmuş “Salam Fərmandeh” mahnısını oxutması ilə bağlı görüntülər yayılmışdı. Həmin vaxt məktəbin direktoruna və müəllimə töhmət verilmişdi.

Bəs elm və təhsil ocağı olan məktəblərdə bu cür halların yaşanması nə dərəcədə doğrudur? Təhsil müəssisələrində şagirdlərin müəyyən radikal dini-siyasi ideologiyanın təsiri altına düşməsinin qarşısı necə alınmalıdır?


Mövzu ilə bağlı TodayPress TV-yə danışan ilahiyyatçı Tural İrfan hesab edir ki, din sahəsindəki maarifləndirmə boşluqları və xarici dini ideologiyaların təsiri bu cür halların yaranmasına zəmin yaradır:

“Din sahəsində müəyyən dövrlərdə yol verilmiş ciddi boşluqlar bu gün, təəssüf ki, öz mənfi təzahürlərini göstərir. Bu boşluqlar nəticəsində xarici dini ideologiyalar ölkəmizdə ayaq açıb, geniş yayılıb. Bu, artıq hər kəsə məlumdur. Hətta müəyyən kadr çatışmazlıqları səbəbindən müxtəlif dini ocaqlara və məscidlərə xaricdə teokratik və məzhəbçi dini təhsil almış şəxslər din xadimi kimi təyin olunublar. Şübhəsiz ki, onların fəaliyyəti də təhsil aldıqları ölkənin din modelinə uyğun olur. Bu, çox zaman teokratik, dünyəvi olmayan dövlət modelinə uyğun təbliğat və maarifləndirmə şəklində özünü göstərir.

Bunun nəticəsində ölkədə qütbləşmiş, məzhəblərə bölünmüş dini cəmiyyətlər formalaşıb. Bu cəmiyyətlərin bir qismi mühafizəkarlığa meyllidir və dünyəvi dövlətin qanunları ilə maraqlanmır, onları bilmir. Halbuki bilməlidirlər ki, dünyəvi dövlətdə təhsil də dünyəvidir və məcburidir. Eyni zamanda, təhsil müəssisələrində vahid geyim formasının tətbiqi nəzərdə tutulur və bu qaydaya əməl olunmalıdır.

Din sahəsindəki boşluqların, yanlış dini təbliğatın və xarici təsirlər altında olan din xadimlərinin, dindarların, dini cəmiyyətlərin ölkədə fəaliyyətinin nəticəsi olaraq bu gün Azərbaycan dövlətçiliyinə və dünyəvi dövlət quruluşuna qarşı müqəddəslik, din və dini dəyərlər pərdəsi altında təzyiqlər göstərilir, dövlət əleyhinə cəhdlər edilir. Bütün bunların arxasında xaricdə təhsil almış, həmin şəxsləri xüsusi olaraq xaricə göndərən, orada oxudub geri qaytaran və ölkədə yerləşdirən fiqurların, necə deyərlər, beşinci kolon nümayəndələrinin dayandığı qənaətindəyəm.

İlk növbədə, bu məsələlərin qarşısı alınmalıdır”.

O qeyd edib ki, ayrı-ayrı hadisələrlə səthi şəkildə mübarizə aparmaq hibrid müharibənin mahiyyətinə qarşı mübarizə aparmaq demək deyil. Problemin mahiyyətinə varmaq, onun hansı səbəblərdən qaynaqlandığını müəyyənləşdirmək lazımdır:

“Məsələn, müəyyən şəxsləri aksiyalara cəlb edir, dramatik səhnələr qurur, videoçarxlar hazırlayaraq yayırlar. Bunların hamısı insanların şüuruna təsir göstərmək, dövlətin dünyəvi quruluşuna qarşı təxribatlar törətmək məqsədi daşıyır. Bu məsələlərlə ciddi məşğul olmaq lazımdır. Mən hesab edirəm ki, din sahəsində çox böyük boşluqlar var.

Dövlət müvafiq qanun qəbul edib. Digər sahələrdə olduğu kimi, məktəblərdə də vahid geyim forması tətbiq olunur. Hər kəs bilir ki, Azərbaycan Konstitusiyaya və müvafiq qanunlara əsasən dünyəvi dövlətdir. Orta məktəblərdə hər bir inanc sahibinin özünə uyğun xüsusi geyim formasının tətbiqi nəzərdə tutula bilməz.

Qeyd etdiyim kimi, bu təzyiq cəhdləri Azərbaycanın dünyəvi dövlət quruluşuna qarşı yönəlib. Belə hallar müxtəlif vaxtlarda da özünü göstərib. Burada İranın təsiri xüsusi olaraq nəzərə çarpır. Hətta bəzən tarixi şəxsiyyətlərimizin obrazı altında İranın teokratik ideoloji sisteminin təbliğatı aparılır”.

Müsahibimizin qənaətinə görə, bu təsirlər altında fəaliyyət göstərənlər arasında təkcə din xadimləri deyil, hüquqşünaslar, ictimai-siyasi xadimlər, partiya nümayəndələri, sosioloqlar, psixoloqlar və digər sahələrin təmsilçiləri də var:

“Onlar müxtəlif adlar altında xarici təsirlərə xidmət edirlər. Tarixçi adı ilə çıxış edən, guya Azərbaycan tarixini və tarixi şəxsiyyətlərini təbliğ edən bəzi şəxslər də həmin obrazlardan istifadə edərək İranın teokratik, məzhəbçi və dünyəvi olmayan dövlət quruluşunu Azərbaycanda bərqərar etməyə çalışırlar.

Bu məsələlərlə ciddi mübarizə aparılmalıdır. Zaman-zaman belə təsirlərin məktəblərə, müəssisələrə, hətta dövlət qurumlarına da nüfuz etdiyi müşahidə olunur. Müxtəlif partiyaların nümayəndələri, ictimai-siyasi xadimlər, müəllimlər və digər şəxslər arasında da bu təsirlərə düşənlər var. Hibrid müharibənin və ideoloji təbliğatın qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir”.

İlahiyyatçı vurğulayıb ki, dövlət din sahəsinə, din-dövlət münasibətlərinin tənzimlənməsinə, tolerantlığın qorunmasına xüsusi diqqət ayırır:

“Ancaq xarici təsirlərə düşmüş və onlara xidmət edən müəyyən qruplar dövlətin gördüyü işlərin təsirini azaltmağa çalışırlar. Nəticədə cəmiyyətdə qütbləşmə yaranır. Bir tərəfdə dövlətçilik düşüncəsinə və milli təfəkkürə malik ilahiyyatçılar, din xadimləri, İlahiyyat İnstitutu, İlahiyyat Kolleci və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ortaya qoyduğu mövqe, digər tərəfdə isə xarici dövlətlərin dini modellərini Azərbaycanda tətbiq etməyə çalışan bir zümrə dayanır. Bu zümrənin nümayəndələri təkcə dindar, ilahiyyatçı və din xadimi adı altında deyil, başqa sahələrin mütəxəssisləri kimi də meydana çıxaraq dövlətçiliyə qarşı fəaliyyət göstərirlər”.

O, bu cəhdlərin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsinin vacibliyinə toxunub:

“Çox təəssüf ki, milli təfəkkürə malik din xadimlərinə və ilahiyyatçılara kifayət qədər imkan verilmir. Məlumdur ki, bu prosesə mane olan qurumlar, xarici ölkələrin təsiri altında olan müəssisələr və müxtəlif dairələr mövcuddur. Dünyəvi dövlət modelində dinin necə yaşanmalı olduğunu, din-dövlət münasibətlərinin hansı prinsiplər əsasında qurulmalı olduğunu izah edən ilahiyyatçılar ciddi məhdudiyyətlərlə və məhrumiyyətlərlə üzləşirlər. Hesab edirəm ki, bu vəziyyətin yaranmasında İranın təsiri altında olan dairələrin, qüvvələrin və qurumların rolu var.

Nəticədə cəmiyyət dini maarifləndirmədən kənarda qalır, dini kəsim isə əsasən xarici ideologiyaların təsirinə məruz qalır. İnsanlar belə düşünməyə başlayırlar ki, guya orta məktəblərdə şagirdlərin hicabı zorla açılır. Halbuki milli təfəkkürə malik, Azərbaycan dövlətinin yetişdirdiyi ilahiyyatçılara və din xadimlərinə imkan verilməlidir ki, dünyəvi dövlətdə dinin necə yaşanmalı olduğunu izah etsinlər. Azərbaycandakı din və din-dövlət münasibətləri İranın modeli ilə eyni deyil. İranda məzhəbçi, teokratik ideoloji sistem mövcuddur. Bizim dünyəvi, hüquqi dövlət modelimiz isə tamamilə fərqlidir.

Bunlar ciddi boşluqlardır. Bəzi insanlar dinə səmimi şəkildə inanır, inanclıdırlar. Müəllimlər və şagirdlər də onların arasındadır. Ancaq təəssüf ki, bu boşluqlar nəticəsində onlar İranın və ya bəzi ərəb ölkələrinin dini təhsil modelini mənimsəyərək Azərbaycanda həmin modeli tətbiq etməyə çalışan din xadimlərinin, özlərini ilahiyyatçı kimi təqdim edən şəxslərin təsiri altına düşürlər. Dini bu şəkildə öyrənir və qavrayırlar. Nəticədə düşünürlər ki, orta məktəblərdə vahid geyim formasının tətbiqi hicabın qadağan olunması deməkdir. Bütün bunlar dini maarifləndirmə sahəsindəki boşluqlardan qaynaqlanır”.

İlahiyyatçı bu proseslərə pərdə arxasından rəvac verən fiqurların olduğunu da diqqətə çatdırıb:

“Bu, çox qorxulu və təhlükəli vəziyyətdir. Məsələnin üstü açılmalı, araşdırmalar aparılmalıdır. Xarici dini modelləri, xüsusilə də teokratik İranın məzhəbçi ideoloji sistemini Azərbaycanda kimlərin, din pərdəsi altında və ya tarixi şəxsiyyətlərin obrazlarından istifadə etməklə gizli şəkildə yaymağa çalışdığı müəyyənləşdirilməlidir.

Bu cəhdlərin qarşısını almaq, insanların dini, ideoloji və siyasi təbliğatın təsiri altına düşməsinin qarşısını almaq üçün, xüsusilə orta məktəblərdə maarifləndirmə işi aparılmalıdır. Dəfələrlə təklif etmişik ki, orta məktəblərdə dinlə bağlı maarifləndirmə proqramı həyata keçirilsin. Bu, ayrıca tədris fənni, dərsdənkənar fəaliyyət və ya seminarlar şəklində təşkil oluna bilər. Məqsəd şagirdlərin həqiqi dini dəyərlərlə din pərdəsi altında təqdim edilən xarici ideologiyaları bir-birindən ayırmağı öyrənməsidir. Əgər şagirdlərə bunlar vaxtında izah olunsa, onlar həmin təsirlərə daha az məruz qalarlar.

Orta məktəblərdə dini maarifləndirmənin, ümumiyyətlə, din sahəsi ilə bağlı məlumatlandırmanın yetərli olmaması şagirdlərin müxtəlif məzhəblərə bağlı valideynlərinin və ya xaricdə təhsil alaraq Azərbaycanda fərqli dini modelləri təbliğ edən şəxslərin təsiri altına düşməsinə şərait yaradır. Nəticədə ziddiyyətlər və qütbləşmə meydana çıxır.

Bu sahədə, eləcə də təhsil sistemində ciddi boşluqlar var. Təəssüf ki, aidiyyəti mütəxəssislər, ictimai xadimlər və ziyalılar bu məsələləri geniş müzakirəyə çıxarmırlar. Milli təfəkkürə malik, din sahəsini yaxşı bilən təcrübəli ilahiyyatçılardan və din xadimlərindən kifayət qədər istifadə olunmur. Nəticədə məscidlərdə və xüsusilə sosial şəbəkələrdə dini təbliğat aparan şəxslərin böyük bir qisminin İranda təhsil aldığı və ya bu ölkənin təsiri altında olduğu barədə iddialar səslənir.

İranda dinlə siyasət bir-biri ilə sıx bağlıdır və dini sistem siyasi ideologiya ilə uzlaşdırılır. Orada təhsil alan şəxslərə siyasi təlimlərin də verildiyini, onların İranın din modelini Azərbaycanda təbliğ etməyə və zamanla möhkəmləndirməyə çalışdıqlarını düşünürəm. Bizim kimi ekspertlərə, ilahiyyatçılara və milli təfəkkürə malik insanlara isə İranın təsiri altında olan yerli dairələr və sosial bazaya sahib müxtəlif nüfuzlu qruplar tərəfindən ciddi məhdudiyyətlər yaradılır. Bu, ağır nəticələrə gətirib çıxara bilər. Bu gün orta məktəblərə təsir göstərilməyə çalışılırsa, gələcəkdə başqa sahələrdə də oxşar tələblər irəli sürülə bilər. Məsələn, sabah hərbi xidmətdə olan inanclı şəxslərin saqqal saxlamasına icazə verilməsi və ya digər məsələlərlə bağlı tələblər gündəmə gətirilə bilər. Bunlar, mənim fikrimcə, dini dəyərlər adı altında xarici dövlətlərin teokratik və məzhəbçi din modelini Azərbaycanda bərqərar etməyə yönəlmiş cəhdlərdir. Hicabın və ya inanclı insanların hüquqlarının müdafiəsi adı altında bu məsələlərdən dövlətə təsir göstərmək vasitəsi kimi istifadə olunur”.

Ekspert ölkədə fəaliyyət göstərən dini qurumların fəaliyyətindən də gileylənib:

“Ölkəmizdə dini idarələr və qurumlar fəaliyyət göstərir. Ancaq belə məsələlərdə onların fəaliyyəti kifayət qədər görünmür, ictimai təsirləri zəifdir. Bunun səbəbi kimi həmin qurumlarda xarici təsirlərə məruz qalmış şəxslərin olmasını və ya onların fəaliyyətinin yetərli nəticə verməməsini görürəm. Müstəqil ilahiyyatçılara və sağlam düşüncəli din xadimlərinə də ciddi məhdudiyyətlər yaradıldığı üçün bu boşluqlar daha da dərinləşir.

Əslində, inanclı insanlara və din xadimlərinə, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinə bu məsələlərdə aydın mövqe bildirmək tapşırılmalıdır. Din xadimləri izah etməlidirlər ki, biz dünyəvi dövlətdə yaşayırıq və Azərbaycan Konstitusiyasının prinsiplərinə qarşı çıxmaq olmaz.

Heç kim məktəblərdə vahid məktəbli geyiminin tətbiqinə qarşı çıxmamalıdır. Bu qayda sosial bərabərliyi təmin etməyə xidmət edir. Azərbaycan vətəndaşları dinindən, dilindən və milliyyətindən asılı olmayaraq bərabərdirlər. Buna görə də məktəblərdə vahid geyim qaydalarının tətbiqi hamı üçün eyni prinsiplərə əsaslanmalıdır. Şagirdlər dərsdən sonra dini atributlardan istifadə edə, ibadətlərini yerinə yetirə və hicab bağlaya bilərlər. Əsas məsələ müəyyən edilmiş qaydalara əməl etmək və bu məsələlərə tolerant yanaşmaqdır.

Təəssüf ki, bu sahəyə cavabdeh olan idarə və qurumların, şəxslərin maarifləndirmə aparmaq əvəzinə, dövlətin əleyhinə çıxış edən bəzi din xadimlərinə şərait yaratdığı hallar da müşahidə olunur. Son vaxtlar bir neçə axundun məscid minbərindən hicabın qadağan edildiyini, dinin məhdudlaşdırıldığını iddia edərək dövlət əleyhinə çıxış etdiyini görmüşəm. Bu vəziyyət aradan qaldırılmalıdır.

Həmin şəxslərin İranın təsiri altında olduqları və orada təhsil aldıqları barədə fikirlər var. Onların bəzilərinin rəsmi məscidlərdə axund kimi fəaliyyət göstərməsi və müvafiq dövlət qurumları tərəfindən maliyyələşdirilməsi isə ziddiyyət yaradır. Bir tərəfdən dövlət dini maarifləndirmə aparır, digər tərəfdən isə antitəbliğata imkan verilir. Məncə, bu, ciddi boşluqların nəticəsidir.

Bu məsələlər obyektiv, bitərəf, vətənpərvər və dövlətçilik mövqeyinə malik mütəxəssislərlə, xüsusilə din biliciləri və ilahiyyatçılarla müzakirə edilməlidir. Dünyəvi dövlətdə din modelinin hansı prinsiplər əsasında qurulmalı olduğu müəyyənləşdirilməlidir. Belə bir modelin ortaya qoyulmaması nəticəsində inanclı insanların bir qismi ərəb ölkələrində yayılmış sələfilik və vəhabilik kimi radikal dini cərəyanların, digərləri isə İranın məzhəbçi və siyasiləşmiş din modelinin təsiri altına düşürlər. Bu modellərin Azərbaycanda dini dövlət quruluşu yaratmağa yönəlmiş cəhdlərlə nəticələnməsi ehtimalı ciddi narahatlıq doğurur”.

Tural İrfan sonda vurğulayıb ki, bütün bunlar cəmiyyətdə böyük ziddiyyətlərə səbəb olur və bu gün artıq məktəblərdə də özünü büruzə verir:

“Hesab edirəm ki, məsələ ilə bağlı ciddi müzakirələr aparılmalı, konfranslar keçirilməli, maarifləndirmə proqramları hazırlanmalıdır. Aidiyyəti dini qurumlar və idarələr bu barədə ciddi düşünməli, mövcud problemlərin aradan qaldırılması üçün müvafiq addımlar atmalıdırlar”.

Jalə Rövşən

XƏBƏR LENTİ
10 OKTYABR 2026
Bütün Xəbərlər