Lobbinin əlindən “erməni kartı” alınır: Paşinyan ABŞ-dən yeni katolikos seçir
Təhlil
02.12.2025 14:58
Ermənistanın Baş naziri Nikol Paşinyanın katolikos vəzifəsinə iki əsas namizədi var. Bunlardan biri Erməni Apostol Kilsəsinin ABŞ-dəki Qərb yeparxiyasının sədri Hovnan Derderyan, digəri isə Kilikiya katolikosu I Aramdır.

Bu əsnada bir qrup erməni yepiskopu yenidən bəyanat yayaraq katolikos II Qaregini istefaya getməyə çağırıb. Bəyanatda deyilir ki, din xadimlərinin daxili siyasətə qarışması, insanları mitinqlərə çağırması yolverilməz və bağışlanmazdır.
Görünən odur ki, Paşinyan Ermənistanın daxili işlərinə Rusiyadan din vasitəsi ilə müdaxilə imkanlarını da kəsir. Çünki hamıya məlumdur ki, katolikos II Qaregin Moskvadan idarə olunurdu və oradan gələn təlimatlara əsasən işləyirdi. Moskva II Qaregin vasitəsi ilə Ermənistanın daxili işinə müdaxilə edirdi. Buna görə Paşinyan yeni din xadimini ABŞ-dən gətirməklə din vasitəsi ilə Rusiyanın Ermənistanın daxili işlərinə müdaxiləsini aradan qaldırmaq istəyir.
Bu nöqteyi-nəzərdən Paşinyanın belə gedişi Rusiyanın Ermənistana din vasitəsi ilə təsirlərini zəiflətmək baxımından hansı effekti verə bilər?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bildirib ki, Erməni Apostol Kilsəsi Ermənistan tarixində mühüm yer tutur və bu kilsənin Rusiyanın təsiri altında olması faktdır:

“Katalikos II Qaregin Rusiyanın əlaltısıdır. Paşinyanın çıxış yolu kimi ABŞ-dən və ya Kilikiya katolikosu II Qaragenin yerinə yeni katolikos gətirmək istəyi doğru addımdır. Kilikiya katolikosluğu Livanın Əntilyas şəhərində yerləşir, Livan, Suriya və Kiprdəki erməni kilsələrini əhatə edir. Lakin Paşinyan daha çox ABŞ-dən din xadimi gətirməyə üstünlük verir. Bu həm də Livandakı Kilikiya katolikosunun regionda Azərbaycana qarşı xoş münasibətinin olmaması ilə bağlı ehtiyatdan irəli gəlir. Halbuki Azərbaycanın Livan dövləti ilə münasibətləri normaldır; hətta Livan və İsrail arasında yaxın zamanda keçirilən danışıqlar Bakının ev sahibliyi ilə baş tutub”.
Ekspert qeyd edib ki, Paşinyanın Qərb yeparxiyasının sədrini Erməni Apostol Kilsəsinin başına gətirmək istəyi bütün erməni lobbisinin əlindən “erməni kartını” almaq cəhdidir:

“Kilsənin buna müqavimət göstərəcəyi şübhəsizdir, lakin erməni toplumunun gələcəyi naminə həm Paşinyanın, həm də cəmiyyətin dərrakəli kəsiminin bunu həyata keçirmək imkanları böyükdür. Paşinyanın kilsənin erməni cəmiyyətindəki rolunu azaltmaq və cəmiyyətdə söz sahibi olmasını məhdudlaşdırmaq istiqamətində fəaliyyəti erməni tarixinin yenidən yazılması anlamına gəlir. Çünki erməni cəmiyyəti tarixi, adət-ənənələri və siyasəti ilə kilsənin məhsulu olub. Bu dəyişiklik tez baş verəcək məsələ deyil və zaman tələb edir”.
Azər Qasımov əlavə edib ki, Paşinyanın addımları ciddi müqavimətlə qarşılanacaq, hətta qarşıdurma həddinə çıxa bilər:
“Kilsənin dayaqları artıq sarsılıb və bunu Azərbaycan reallığı formalaşdırıb. Paşinyana sadəcə bu reallıqdan istifadə edərək öz hakimiyyətini gücləndirmək qalır”.
Qiymət Mahir
tag: Azər Qasımov,Politoloq,Paşinyan,ABŞ,Katalikos,Todaypress.tv,
