Krım Rusiya üçün göz dağına çevrilir - Adanın taleyi sual altında
Krım XXI əsrin qlobal beynəlxalq hüquq və təhlükəsizlik sistemini sarsıdan ən böyük geosiyasi qırılma nöqtəsidir. 2014-cü ildəki ilhaqla başlayan bu böhran, bu gün Rusiya-Ukrayna müharibəsinin həm əsas qığılcımlarından biri, həm də strateji düyünüdür.
Maraqlıdır, Krımın taleyi necə olacaq?
Sözügedən mövzu ilə bağlı siyasi analitik Abutalıb Səmədov TodayPress TV-yə danışıb.
O qeyd edib ki, hazırkı danışıqlarda Ukrayna Krımın geri qaytarılması tələbini irəli sürmür:
"Aparılan son danışıqlarda Krımın Ukraynaya qaytarılması məsələsi gündəmə gətirilməyib. Əksinə, müzakirələrdə daha çox Krımın Rusiyanın ərazisi kimi tanınması məsələsi ön plana çıxıb. Bu baxımdan Ukrayna Krımı hərbi və logistik baxımdan Rusiya üçün dözülməz zonaya çevirə bilər. Lakin yarımadanı hərbi yolla azad etməsi və nəzarəti bərpa etməsi olduqca çətin görünür. Nəzərə alsaq ki, Ukraynanın əsas etirazı Donbas məsələsi ilə bağlıdır, demək olar ki, təklif olunan şərtlərin digər hissələrini, o cümlədən Krımla bağlı bəndləri müzakirə etməyə hazırdır".
Analitikin fikrincə, əsas mübahisə mövzusu Donbasdan Rusiyanın çıxması məsələsidir:
"Bu səbəbdən hesab etmək olar ki, Ukraynanın yaxın illərdə Krımı geri qaytarması çox çətin olacaq. Gələcəkdə vəziyyət dəyişə bilər. Əgər Rusiyada hakimiyyət dəyişər və ölkə daha fərqli siyasi kurs götürərsə, Krımın diplomatik yollarla geri qaytarılması ehtimalı yarana bilər".
Ekspert əlavə edib ki, indi Rusiya danışıqlarda Ukraynanın hərbi potensialının məhdudlaşdırılmasını tələb edir ki, gələcəkdə Kiyev itirilmiş əraziləri geri almaq üçün hərbi imkan əldə etməsin. Eyni zamanda Moskva işğal etdiyi əraziləri, o cümlədən Donbası tam şəkildə öz nəzarətində saxlamaq niyyətindədir.
Politoloq "Ukrayna bu məqsədinə nail ola biləcəkmi?" və "Rusiya qüvvələrini müəyyən ərazilərdən çıxarmağa məcbur edə biləcəkmi?" suallarını belə cavablandırıb:
"Hələlik bunun mümkün olduğu görünmür. İndiyədək əldə olunan uğurlar lokal xarakter daşıyır və 2022-ci ildən bəri cəbhədə ciddi strateji irəliləyiş baş verməyib. Bu vəziyyət isə Rusiyanın daha iddialı planlar qurmasına şərait yaradır. Artıq Odessanı ələ keçirməklə bağlı planlardan da danışılır. Bu səbəbdən hesab etmək olar ki, Krımın taleyi hələ bir müddət Rusiyanın nəzarəti altında qalacaq. Ümid etmək olar ki, gələcəkdə Ukrayna həm Krımı, həm də digər işğal olunmuş ərazilərini geri qaytara biləcək".
Jalə Rövşən