İrkutskda taun dəhşəti: Minlərlə azərbaycanlı miqranta ağır zərbə

İrkutskda taun dəhşəti: Minlərlə azərbaycanlı miqranta ağır zərbə
07.10.2026 14:29 Təhlil

Rusiyanın İrkutsk vilayəti son günlər beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə düşüb. Məlumata görə, regionda pnevmonik taunun (ağciyər vəbası) yayılması ciddi müzakirə mövzusuna çevrilib. Söhbət tarixdə «qara ölüm» kimi tanınan ən təhlükəli infeksiyalardan birindən gedir.


Hadisələr sentyabrın 29-da Sibir və Uzaq Şərq Taun Əleyhinə Elmi-Tədqiqat İnstitutunun 28 yaşlı əməkdaşı Darya Şipilovanın ağır pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi və oktyabrın 2-də vəfat etməsi ilə ictimailəşib. Mərhumun iş yerində təhlükəli patogenlərin aşkar olunması şübhələri ən yüksək həddə çatdırıb. Şipilovanın ölümündən dərhal sonra onunla təmasda olmuş 200-dən çox şəxs müəyyənləşdirilərək xüsusi tibbi nəzarətə alınıb, İrkutskdakı bir sıra xəstəxanalarda isə karantin rejimi tətbiq edilib. Ehtimallara görə, yoluxma gəmiricilər arasında təbii taun ocaqlarının mövcud olduğu və Monqolustanla həmsərhəd yerləşən Buryatiyaya ezamiyyət zamanı baş verib. Bununla yanaşı, bəzi Rusiya rəsmiləri patogenin süni mənşəli olması və Qərb kəşfiyyatı tərəfindən yayıla biləcəyi iddialarını da irəli sürürlər. Yaranmış böhran fonunda Ümumdünya Səhiyyə Təşkilatı və ABŞ prezidenti Donald Tramp Rusiyaya rəsmi yardım təklif edib.

Hazırda ən aktual suallardan biri mümkün lokdaunun və məhdudiyyətlərin azərbaycanlılara necə təsir göstərəcəyidir. İrkutsk vilayətində minlərlə etnik azərbaycanlı yaşayır və onların böyük bir hissəsi aktiv əmək miqrantı kimi ticarət və xidmət sahələrində çalışır. İqtisadi dinamikaya nəzər salsaq, İrkutskla Azərbaycan arasında xarici ticarət dövriyyəsi iki dəfədən çox artıb; bölgə Rusiya–Azərbaycan ticarətində (ümumi həcmi 4,5–5 milyard dollar olan ticarət əlaqələrində) ən fəal ilk 10 region sırasındadır. Regiondan ölkəmizə alüminium, naqillər və meşə sənayesi məhsulları ixrac olunur. Digər tərəfdən, orada çalışan həmyerlilərimizin Azərbaycana göndərdiyi fərdi pul köçürmələri ümumi rifah üçün ciddi maliyyə dayaqlarından biridir.

İrkutskda qeydə alınan yoluxma halları epidemioloji risk baxımından Azərbaycana da təsirsiz ötüşməyə bilər. Əgər bu şübhələr və təhlükə Rusiya Federasiyası miqyasında daha da dərinləşərsə, sərt karantin və lokdaun qərarlarının verilməsi qaçılmaz olacaq. Bu hal ilk növbədə yerli bazarlarda və ticarət mərkəzlərində çalışan soydaşlarımızın gəlirlərinə ağır zərbə vuracaq. Həmçinin sanitar yoxlamaların intensivləşməsi, bazarlarda reydlərin artırılması və tibbi sənədlərin yoxlanışının sərtləşdirilməsi həmyerlilərimiz üçün aradan qaldırılması çətin olan bürokratik və inzibati əngəllər formalaşdıracaq.

Hazırda hadisə daha çox lokal xarakter daşısa da, prosesin nəzarətdən çıxma riski regional və ikitərəfli əlaqələr üçün ciddi təhdid olaraq qalır.

TodayPress TV

XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər