İki boğaz, bir böhran: Neftin qiyməti 150 dollara çata bilərmi? - İqtisadçı AÇIQLADI

İki boğaz, bir böhran: Neftin qiyməti 150 dollara çata bilərmi? - İqtisadçı AÇIQLADI
13.09.2026 13:32 Təhlil

Yəməndə İran tərəfindən dəstəklənən husilər Bab əl-Məndəb boğazının mərkəzində yerləşən strateji Perim adasını ələ keçiriblər. Adaya nəzarətin ələ keçirilməsi husilərə mühüm beynəlxalq gəmiçilik marşrutlarından birinə nəzarət imkanı yaradır. Bu marşrutla hər gün böyük həcmdə yük, o cümlədən milyonlarla barel neft daşınır.  

Həmçinin İran ABŞ ilə münaqişə tamamilə başa çatana və regionda davamlı sülh bərqərar olana qədər Hörmüz boğazı üzərində nəzarəti saxlayacağını bəyan edib. 

Maraqlıdır, hər iki boğaz üzərində Tehranın nəzarətinin yaranması neft qiymətlərinə necə təsir edər?  

Mövzu ilə bağlı iqtisadçı Akif Nəsirli TodayPress TV-yə danışarkən bildirib ki, hər iki boğaz üzərində eyni vaxtda nəzarətin yaranması qlobal neft bazarı üçün çox ciddi geosiyasi risk deməkdir. 


O vurğulayıb ki, Hörmüz boğazı dünya neft ticarətinin ən mühüm keçidlərindən biridir, Bab əl-Məndəb isə xüsusilə Yaxın Şərqdən Avropaya və Aralıq dənizi bazarlarına gedən enerji marşrutları baxımından strateji əhəmiyyət daşıyır. Bu səbəbdən hər iki marşrutda neft tankerlərinin hərəkətinin məhdudlaşması bazarda dərhal risk primi yarada bilər. 

Ekspert əlavə edib ki, belə vəziyyətdə neftin qiymətinin kəskin artması ehtimalı yüksəkdir: 

“İlk mərhələdə bazar fiziki neft çatışmazlığından daha çox, təchizatın pozulacağı qorxusuna reaksiya verəcək. Əgər Hörmüzdən tankerlərin keçidi real şəkildə məhdudlaşdırılarsa, artım daha ciddi ola bilər. Çünki bu boğazdan keçən neft və neft məhsullarının həcmi çox böyükdür və alternativ marşrutlarla həmin axını tam əvəz etmək mümkün deyil”. 

Mütəxəssis qeyd edib ki, Bab əl-Məndəbin bağlanması isə xüsusilə Avropa istiqamətində daşınma xərclərini və sığorta haqlarını yüksəldər, tankerlərin Afrikanın cənubundan uzun marşrutla hərəkət etməsinə səbəb ola bilər. Bu da neftin fiziki qiymətindən əlavə, logistika və risk xərclərini artırar. 

Onun sözlərinə görə, əgər hər iki boğazda nəzarət faktiki xarakter alarsa və tanker hərəkəti ciddi şəkildə pozularsa, Brent neftinin qiymətinin 100 dollar həddini keçməsi və daha sonra 120–150 dollar diapazonunun müzakirəyə çıxması tam real ssenariyə çevrilə bilər. Lakin qiymətin hansı səviyyəyə qalxacağı münaqişənin müddətindən, alternativ marşrutların işləkliyindən, ABŞ və digər ölkələrin strateji neft ehtiyatlarından istifadə edib-etməməsindən və OPEC+ ölkələrinin hasilatı artırmaq imkanından asılı olacaq. 

“Ən mühüm məqam budur ki, boğazların sadəcə siyasi bəyanatlarla nəzarətdə saxlanılması ilə onların faktiki bağlanması eyni nəticəni yaratmır. Bazarın 100–150 dollar kimi yüksək qiymətlərə getməsi üçün tanker daşımalarının real və davamlı şəkildə məhdudlaşdırılması lazımdır. Münaqişə qısa müddətdə səngiyərsə, qiymətlərdə yaranan risk primi də sürətlə geri çəkilə bilər”, deyə A. Nəsirli fikrini yekunlaşdırıb. 

Aysel Mətləb

XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər