İflic olan Bakı yolları deputatları da hövsələdən çıxardı – SORĞU

İflic olan Bakı yolları deputatları da hövsələdən çıxardı – SORĞU
21.09.2026 19:00 Təhlil

Bakıda getdikcə dərinləşən tıxac problemi bu gün Milli Məclisdə yenidən gündəmə gəlib.

Deputat Arzuxan Əlizadə yollardakı vəziyyətin dözülməz həddə çatdığını və iclasa ilk dəfə gecikdiyini bildirərək, bu məsələni həll edə bilməyən qurumların vətəndaşlardan üzr istəməli olduğunu vurğulayıb.


Bir çoxumuz demək olar ki, hər gün bu vəziyyətlə qarşılaşırıq. İş yerlərinə gecikmələr vətəndaşlar və rəhbərlik arasında ciddi narazılıqlara yol açır. Təəssüflər olsun ki, nəqliyyatın iflic vəziyyəti uzun müddətdir, gündəmdədir və həllini tapmayan məsələlərdəndir. 

Bəs mövzunun aktuallığı ilə bağlı Milli Məclisin digər deputatlarına müraciət etdik. Onlar günün neçə saatını tıxacda itirirlər?

Deputat Tənzilə Rüstəmxanlı həmkarının fikirlərinə qatıldığını bildirib:


“Şəhərimizdə əvvəllər də tıxaclar olurdu. Amma bu il yay ərzində heç bir iş görülmədi, dərslərin başladığı, insanların tətildən qayıtdığı vaxtda yollarda təmir başladı, yollar bağlandı. Ölkəmizdə keçirilən beynəlxalq tədbirləri də nəzərə alsaq, burada müəyyən anormallıq var.

Milləti niyə bu qədər gərginlik içində saxlamaq lazımdır? Elə bil kimsə ölkə başçısının bu qədər uğurlar qazandığı, ölkə daxilində və xaricində bu qədər işlər gördüyü, Qarabağın bərpası ilə bağlı ciddi layihələrə imza atdığı dövrdə xırda məsələlərlə onun gördüyü böyük işlərə kölgə salmaq istəyir.

Bunların heç birini normal qarşılamıram. Yolda saatlarla vaxtımız keçir. Niyə?”

Deputat bununla bağlı ona müxtəlif şikayətlərin ünvanlandığını da qeyd edib:

“Digər tərəfdən də metro bağlanıb, hər kəs bundan şikayət edir. Hər gün bəlkə də 50 zəngə cavab verirəm. Şəhərin içində elə bir vəziyyət yaranıb ki, hər kəs, aidiyyatı olub-olmamasından asılı olmayaraq, millət vəkilisən deyə, gəlib səndən soruşur.

Arzuxan müəllimin fikirlərinə qatılıram, düzgün deyir. Kimsənin haqqı yoxdur ki, ölkədə və şəhərdə əldə olunan bu qədər uğura, ölkə başçısının gördüyü bu böyük işlərə kölgə salsın”.

Deputat Ceyhun Məmmədov da tıxacdan əziyyət çəkdiyini bildirib:


“Bu gün tıxac problemindən əziyyət çəkməyən insan yoxdur. Şəhərdə çox ciddi tıxac var və hamımız əziyyət çəkirik. Bu barədə ciddi düşünməliyik. İndi düşünülməsə, ciddi qərarlar qəbul edilməsə və müvafiq addımlar atılmasa, növbəti illərdə daha çətin və ağır mərhələyə qədəm qoyacağıq. Problemlər daha ağır formada özünü göstərəcək. Gün ərzində bəzən 2, bəzən 3, bəzən də 1 saatımızı tıxacda keçirməli oluruq. Bu da işimizə ciddi şəkildə təsir göstərir. Bəzən 10 dəqiqəlik yolu 1 saata qət etmiş oluruq. Tədris ilinin başlaması, bununla paralel olaraq Bakıda müxtəlif yarışların keçirilməsi və digər amillər də bu prosesə təsir göstərir. Hesab edirəm ki, burada ciddi koordinasiyaya və əlaqələndirməyə ehtiyac var ki, belə problemlərlə qarşılaşmayaq”.

Deputat Elman Nəsirov problemin həlli ilə bağlı Çində tətbiq olunan modeli misal gətirib:


“İnsan Hüquqları Komitəsinin bu gün keçirilən iclasında mən də tıxac probleminə diqqəti cəlb etdim və qeyd etdim ki, bu problem bütün meqapolislər üçün xarakterikdir. Amma son zamanlar Bakıda tıxac problemi özünü tam aydınlığı ilə göstərməkdədir, mütləq çarə tapılmalıdır. Elmlər Akademiyası metrosunun yanından keçərkən görürəm ki, insan seli yaranıb və hamısı avtobus gözləyir.

Nümunə olaraq Çində tətbiq olunan modeli göstərdim. Çində bu problemdən çıxış yolunu üç istiqamətdə tapıblar.

Birincisi, ağıllı idarəçilikdir. Nəqliyyatın smart idarə olunması hesabına bu istiqamətdə nəticələr əldə edilib.

İkincisi, bu sahədə elə ciddi maarifləndirmə işi aparılıb ki, insanlar avtomobillərdən deyil, motosiklet və velosipedlərdən istifadə etsinlər. Çində nəhəng velosiped və motosiklet parkinqləri var. İnsanlar həmin məntəqələrə velosiped və motosikletlərlə gəlirlər və bu, artıq həyat normasına çevrilib. Bu səbəbdən də yollarda avtomobillərin sayı xeyli azalıb.

Üçüncüsü, tək nömrəli avtomobillərin tək günlərdə, cüt nömrəli avtomobillərin isə cüt günlərdə idarə olunması tətbiq edilir. Bu da yollarda avtomobillərin sayının əhəmiyyətli dərəcədə azalmasına və tıxac probleminin həllinə öz töhfəsini verib”.

Deputat Aydın Mirzəzadə də dəfələrlə tıxacda qaldığını bildirib:


“Dəfələrlə tıxacda qalmışam, getdiyim yerə gecikdiyim hallar olub. Tıxac problemi ilə bağlı müəyyən strukturlarla dəfələrlə müzakirələrim olub. Məsələnin həlli istiqamətində işlər aparılır. Bura yolların genişləndirilməsi, alternativ yolların çəkilməsi, şəhərin mərkəzində hündürmərtəbəli binaların tikintisinin məhdudlaşdırılması, Bakının inzibati mərkəzlərinin yalnız İçərişəhər metrosunun yaxınlığında deyil, şəhərin digər ərazilərində də yaradılması kimi məsələlər daxildir.

Eyni zamanda, dünya təcrübəsi də öyrənilir. Hər halda, tıxacların azaldılması istiqamətində dövlət tərəfindən müəyyən işlərin görülməsi göz qabağındadır”.

Deputat Zahid Oruc isə bu problemin uzun onilliklərin nəticəsi olduğunu bildirib:


“Bakı şəhərinin yüklənməsi bir ilin içində baş verməyib. Bu, uzun onilliklərin nəticəsidir. Burada bir sıra obyektiv iqtisadi və sosial amillər, eləcə də ərazilərin işğalı faktoru xüsusi rol oynayıb. Çünki Bakıətrafı ərazilərdə məcburi köçkünlər də məskunlaşmalı olmuşdular. Bunu yaxşı xatırlayırıq. O cümlədən, sanatoriyalar, bir sıra ictimai obyektlər və ərazilər də həmin vəziyyətdə idi.

İndiki halda ölkənin bütün coğrafiyasının mütənasib inkişafını təmin etmək üçün mühüm hökumət və dövlət proqramlarına daha çox ehtiyac var. Ona görə də yalnız bir amilə güvənmək olmaz. Məsələn, son dövrdə müxtəlif qurumlarda tətbiq olunan diferensial iş saatı sistemi müəyyən qədər öz təsirini göstərəcək.

Əgər biz əhalinin bölgələrdə məskunlaşmasını, xüsusilə də kənd ərazilərində yaşayışın daha güclü olmasını istəyiriksə, bu istiqamətdə maksimum çalışmalıyıq. Baxmalıyıq ki, neçə kəndimiz var, orada nə qədər əhali yaşayır. Əhalisinin sayı 5 min nəfərdən yuxarı olan kəndlərin xüsusilə də tənəzzülə uğramasına imkan verməməli, onlar üçün xüsusi sosial-iqtisadi siyasətlər planlaşdırmalı və həyata keçirməliyik”.

Eyni zamanda, millət vəkilinin sözlərinə görə, vəsaitlərin daha çox ucqar ərazilərə yönəldilməsinə çalışmalıyıq ki, bunun nəticəsində ölkə üzrə mütənasib coğrafi məskunlaşma təmin olunsun:

“Ərazilərə baxdıqda görəcəksiniz ki, geniş əraziyə malik olan, həm iqlim, həm də relyef şəraiti uyğun yerlərdə əhali çox azdır. Yaxud əksinə, Gəncə, Sumqayıt və digər böyük şəhərlərə əhalinin cəmləşməsi siyasəti dünyanın bir çox yerlərində də müşahidə olunur. Qeyri-bərabər paylanma və daxili miqrasiya özünü göstərir.

Əhalinin ucqar ərazilərdə daha sabit, davamlı və uzunmüddətli yaşamasını və çalışmasını təmin etmək aşağı enerji tarifləri siyasəti tətbiq olunduqda bu, öz təsirini göstərə bilər. Emal müəssisələrinin açılması, sıfır vergi siyasətinin tətbiqi, müəllim, həkim və digər sahələrdə çalışanların maksimum dərəcədə stimullaşdırılması vacibdir. Elə etməliyik ki, həmin ərazilərdə çalışanlar daha yüksək əmsalla əməkhaqqı və digər sosial təminatlar ala bilsinlər. İpoteka və digər imkanlar da həmin bölgələrdə daha əlçatan olmalıdır”.

Z.Oruc Bakıdan universitetlərin köçürülməsinin, yaxud ayrı-ayrı müəssisələrin regionlara çıxarılmasının da çox sadə məsələ olmadığını bildirib:

“Qarabağ Universitetinin yaradılması və müəllim heyəti ilə tələbələrin oraya cəlb edilməsi üçün dövlət külli miqdarda vəsait ayırır və mühüm addımlar atır. Çünki bu, öz-özlüyündə təkcə sosial layihə deyil. Bu, Qarabağ Zəfərindən sonra həmin ərazilərdə daimi yeni vətən quruculuğu siyasətinin ən mühüm hissələrindən biridir. Ölkə rəhbəri də bu istiqamətdə müvafiq addımları həyata keçirir.

Ona görə də tıxac məsələsi yalnız nəqliyyat vasitələrinin sayının tənzimlənməsi, fərqli iş qrafiklərinin tətbiqi, avtobus zolaqlarının yaradılması, ümumiyyətlə, yol siyasəti, pik saatlarda nəqliyyat axınının idarə olunması və digər tədbirlərlə tam həll edilə biləcək problem deyil. Dünyanın bir çox ölkəsində bu məsələ aktuallıq kəsb edir. Ona görə də burada kompleks tədbirlərə ehtiyac var.

Biz ilk növbədə çalışmalıyıq ki, Bakı 2 200 kvadratkilometr ərazisi ilə üzərinə daşıya biləcəyi yükü götürsün. Çünki əhalinin sayı burada artdıqca yol qovşaqlarına, tunellərə, eləcə də mənzil və əmək bazarlarına təzyiq artır. Hökumətin bu sahəyə yönəltdiyi xərclər də çoxalır. Halbuki həmin vəsaitlər bölgələrə yönəldildikdə, bəlkə də bir neçə dəfə daha az vəsaitlə daha uğurlu nəticələr əldə etmək mümkün olardı”.

Qiymət Mahir

XƏBƏR LENTİ
21 SENTYABR 2026
Bütün Xəbərlər