Hörmüzdən Bab əl-Məndəbə... İran Qərbin qarşısına yeni “divar” çəkir

Hörmüzdən Bab əl-Məndəbə... İran Qərbin qarşısına yeni “divar” çəkir
12.09.2026 20:28 Təhlil

Yəməndə İran tərəfindən dəstəklənən husilər Bab əl-Məndəb boğazının mərkəzində yerləşən strateji Perim adasını ələ keçiriblər. Adaya nəzarətin ələ keçirilməsi husilərə mühüm beynəlxalq gəmiçilik marşrutlarından birinə nəzarət imkanı yaradır. Bu marşrutla hər gün böyük həcmdə yük, o cümlədən milyonlarla barel neft daşınır. 

Bundan əlavə, İran ABŞ ilə münaqişə tamamilə başa çatana və regionda davamlı sülh bərqərar olana qədər Hörmüz boğazı üzərində nəzarəti saxlayacağını bəyan edib. 

İranın Hörmüz boğazında, husilərin isə Bab əl-Məndəb boğazında təsir imkanlarını genişləndirməsi Tehranın regionda yeni strateji təzyiq mexanizmi formalaşdırdığını göstərirmi? 

Sözügedən mövzu ilə bağlı politoloq Abutalıb Səmədov TodayPress TV-yə açıqlama verib. 


O vurğulayıb ki, son gün ərzində Bab əl-Məndəb boğazından cəmi 6 gəmi keçib. Bu göstərici əvvəlki dövrlə müqayisədə təxminən 5 dəfə azdır. Onun sözlərinə görə, vəziyyət İranın Bab əl-Məndəb boğazına nəzarəti ələ aldığını göstərir və Tehranın imkanlarını xeyli artırır. 

“ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazına nəzarətin ABŞ-nin əlində olduğunu və gəmilərin keçidini Amerika hərbçilərinin təmin etdiyini iddia edir. Lakin bunu İran hakimiyyət dairələri dəfələrlə təkzib edərək, Hörmüz boğazının əhəmiyyətli hissəsinin İranın nəzarətində olduğunu bildiriblər”. 

Ekspertin sözlərinə görə, hazırda Hörmüz boğazından əvvəlki dövrlərə nisbətən xeyli az gəmi keçir. Eyni vəziyyət daha ağır formada Bab əl-Məndəb boğazında da mövcuddur. Bu da İranın ABŞ və Qərblə qarşıdurmasında böyük üstünlük əldə etməsi deməkdir. Çünki müharibədən əvvəl Hörmüz boğazından gəmilər heç bir haqq ödəmədən və problemlə üzləşmədən sərbəst şəkildə keçirdi. Eyni hal Bab əl-Məndəb boğazında da mövcud idi, lakin hazırda hər iki boğazda problem yaranıb və ABŞ husilərə qarşı hər hansı əməliyyat keçirmək istəmir. Səbəbi isə husilərə qarşı əməliyyat aparmağın İrana qarşı əməliyyat aparmaqdan daha çətin olmasıdır. 


Siyasi şərhçi izah edib ki, dünyada ən çox neft satan ölkələr arasında ABŞ-dən sonra Səudiyyə Ərəbistanı gəlir. Əsasən neftini Bab əl-Məndəb boğazı vasitəsilə dünya bazarına çıxaran ölkəyə hazırda bu imkan verilmir. Eyni problem Hörmüz boğazında da yaranıb. Bundan əlavə, bu vəziyyət neft qiymətlərinin çox yüksək həddə qalxmasına da gətirib çıxara bilər ki, bu da ABŞ üçün seçkilər ərəfəsində böyük təhlükə olar. 

“Mən güman edirəm ki, bu vəziyyətə qarşı ABŞ və Qərb ölkələri aktiv şəkildə mübarizə aparmaq məcburiyyətindədirlər. Əks halda vəziyyət həddindən artıq ağırlaşa bilər. İranın bu addımları bir tərəfdən onun bölgədə gücünün artmasına gətirib çıxarırsa, digər tərəfdən təhlükəni artırır və İrana qarşı artıq geniş koalisiya ilə mübarizə aparmaq ehtiyacı yaranır. Bu da kifayət qədər təhlükəlidir”, - deyə o bildirib. 

Politoloq sonda qeyd edib ki, bölgəni çox ağır günlər gözləyir və ABŞ başda olmaqla Qərb daha kəskin addımlar atmaq məcburiyyətindədir. 

Aysel Mətləb

XƏBƏR LENTİ
12 SENTYABR 2026
Bütün Xəbərlər