Hindistandan "U" dönüşü: Rusiya yerinə Kanada...
Təhlil
24.11.2025 17:37
Kanada və Hindistan iki illik diplomatik gərginlikdən sonra ticarət danışıqlarını bərpa etmək barədə razılığa gəliblər. Yohannesburqda G20 sammiti çərçivəsində keçirilən görüşdə Baş nazirlər Mark Karni və Narendra Modi Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi üzrə müzakirələrin yenidən başladığını elan ediblər. Tərəflər 2030-a qədər ikitərəfli ticarəti 50–70 milyard dollara çatdırmağı hədəfləyir. Görüşdə mülki nüvə əməkdaşlığı və uzunmüddətli uran tədarükü də müzakirə olunub.

Maraqlıdır, Hindistan–Kanada ticarət danışıqlarının bərpası Vaşinqton–Ottava xətti və Hindistan–ABŞ strateji tərəfdaşlığı fonunda hansı yeni geopolitik düzən yarada bilər? ABŞ bu yaxınlaşmanı dəstəkləyən, yoxsa yönləndirən tərəf kimi çıxış edəcək?
Sözügedən məsələni TodayPress TV-yə şərh edən siyasi analitik Sədrəddin Soltan bildirib ki, ABŞ-nin Kanada və Hindistanla son gərginlikləri fərqli səbəblərə dayanır:

"ABŞ son zamanlar həm Kanada, həm də Hindistanla müəyyən gərginliklər yaşasa da, bu proseslərin mahiyyəti və nəticələri fərqlidir. Belə ki, Donald Tramp yenidən prezident seçildikdən sonra Kanadanı ABŞ-nin “51-ci ştatı” kimi elan etmək barədə verdiyi açıqlama iki ölkə arasında münasibətləri xeyli gərginləşdirmişdi".
Onun sözlərinə görə, ABŞ ilə Hindistan arasındakı gərginlik bir qədər sakitləşib:

"Hindistanla bağlı narazılığın kökündə isə bu ölkənin Rusiyadan böyük həcmdə xam neft alması, bununla da Ukraynada müharibə aparan Rusiyanın iqtisadi dayaqlarını gücləndirməsi dayanırdı. Rəsmi Vaşinqton bununla bağlı ciddi etirazlar səsləndirmişdi. Lakin son vaxtlar Hindistan Rusiyadan idxal etdiyi enerji resurslarının həcmini azaltdığı üçün ABŞ-ın münasibəti də yumşalmağa başlayıb".
Analitik hesab edir ki, ABŞ bu prosesə mane olmayacaq:
"Bu kontekstdə ABŞ-nin Hindistan–Kanada yaxınlaşmasına və onların iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə mane olacağı real görünmür. Əksinə, Vaşinqton üçün Hindistanın Kanada ilə əməkdaşlığı, Hindistanın Rusiya ilə sıx əlaqələrindən daha üstün və faydalı hesab edilir. Buna görə də ehtimal olunur ki, ABŞ bu əməkdaşlığın inkişafına ciddi maneə yaratmayacaq".
Jalə Rövşən
tag: Sədrəddin Soltan,Politoloq,Hindistan,Rusiya,Kanada,Todaypress.tv,
