Ermənistanda Azərbaycanla dost olmaq istəyənlərin sayı artdı - RƏY

Ermənistanda Azərbaycanla dost olmaq istəyənlərin sayı artdı - RƏY
03.06.2026 12:18 Təhlil

2026-cı ilin fevral–may aylarında keçirilmiş sorğular (IRI)  Ermənistan cəmiyyətində xarici siyasət prioritetlərinin və təhlükəsizlik qavrayışının dəyişməkdə olduğunu göstərir. 

May  sorğusuna görə respondentlərin 73%-i Azərbaycanı, 58%-i Türkiyəni, 32%-i isə Rusiyanı ölkə üçün əsas siyasi təhlükə hesab edir. Diqqət yetirsək, fevral ayı ilə müqayisədə Azərbaycanla bağlı göstərici 80%-dən 73%-ə, Türkiyə ilə bağlı göstərici isə 69%-dan 58%-ə düşüb. Bunun əksinə olaraq, Rusiyanı təhlükə kimi görənlərin payı 29%-dən 32%-ə yüksəlib.  

Ən vacib siyasi tərəfdaşlarla bağlı suala cavab olaraq respondentlərin 73%-i Avropa İttifaqını (o cümlədən Fransanı), 35%-i Rusiyanı, 29%-i İranı, 27%-i isə ABŞ-ni qeyd edib. Bu nəticələr Ermənistan cəmiyyətində Avropa istiqamətinə marağın və dəstəyin əhəmiyyətli dərəcədə artdığını göstərir. Eyni tendensiya Avropa İttifaqına üzvlüklə bağlı suala verilən cavablarda da özünü göstərir. Sorğu iştirakçılarının 75%-i Aİ üzvlüyünü dəstəklədiyini bildirib; onların 38%-i bunu tam dəstəklədiyini, 37%-i isə qismən dəstəklədiyini qeyd edib.


Ermənistan cəmiyyətində Azərbaycan və Türkiyə hələ də əsas təhlükə mənbələri kimi qəbul olunsa da, bu istiqamətdə müəyyən yumşalma müşahidə edilir. Eyni zamanda, Rusiya həm mühüm tərəfdaş, həm də artan dərəcədə risk mənbəyi kimi qiymətləndirilir. Bu, son illərdə regionda baş verən hadisələrdən sonra Ermənistan cəmiyyətində Rusiyanın roluna dair baxışların dəyişdiyini göstərir. Avropa İttifaqı isə həm ən etibarlı tərəfdaş, həm də ölkənin gələcək inkişaf istiqaməti kimi ön plana çıxır.

Bununla yanaşı, İran və Gürcüstan ümumilikdə müsbət və ya neytral qiymətləndirilsə də, onların Ermənistanın strateji seçimlərində rolu daha məhdud görünür. Sorğular həmçinin göstərir ki, ölkə daxilində siyasi institutlara və siyasətçilərə etibar səviyyəsi aşağı olaraq qalır və vətəndaşların əhəmiyyətli hissəsi müxtəlif siyasi qüvvələrə qarşı skeptik münasibət nümayiş etdirir. 

Ümumilikdə çoxşaxəli xarici siyasət yanaşmasının formalaşdığını görürük. Qərbə yaxınlaşma meyli  güclənsə də, iqtisadi və təhlükəsizlik amilləri səbəbindən Rusiya ilə əlaqələrin tam şəkildə zəifləməsini hələ müşahidə etmirik.  Eyni zamanda, cəmiyyətdə sülhə maraq artsa da, regional təhlükəsizlik məsələləri ilə bağlı ehtiyatlı yanaşma davam edir.   

Jalə Rövşən

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər