Ermənistan sürətlə "qol-budaq" atır - Bakı üçün hansı təhdidlər var?
Müdafiə büdcəsini kəskin artıran, Hindistan və Fransa ilə böyük silah müqavilələri imzalayan, ordusunu modernləşdirən və iqtisadi artımı 5-7% səviyyəsində saxlayan İrəvan regional dinamikada daha fəal rol oynamağa başlayıb.
Maraqlıdır, bu güclənmə Azərbaycanın regionda maraqlarına necə təsir edəcək ?

Sözügedən mövzu ilə bağlı siyasi analitik Züriyə Qarayeva TodayPress TV-yə danışıb.
O bildirib ki, Ermənistanın son illərdə hərbi büdcəsini artırması, orduda islahatlar aparması, yeni silah sistemləri əldə etməsi və Qərblə təhlükəsizlik əməkdaşlığını genişləndirməsi regionda qüvvələr balansına müəyyən təsir göstərir:
"Bu hərbi güclənmə avtomatik olaraq Azərbaycana qarşı üstünlük əldə etmək anlamına gəlmir. Azərbaycan da son illərdə müdafiə qabiliyyətini artırır, ordunun modernləşdirilməsini davam etdirir və regional enerji-logistika layihələri vasitəsilə siyasi çəkisini qoruyur. Buna görə də Ermənistanın güclənməsi daha çox uzunmüddətli strateji rəqabət müstəvisində qiymətləndirilməlidir".
"Əgər hərbi və siyasi güclənmə sülh sazişinin imzalanması, regional kommunikasiyaların açılması və iqtisadi inkişaf üçün istifadə olunarsa, bu, regionda sabitliyi gücləndirə bilər. Lakin revanşist qüvvələrin təsiri altında silahlanmanın sürətlənməsi və ya sülh prosesinin ləngidilməsi riskləri artırarsa, bu, Bakı üçün əlavə təhlükəsizlik çağırışları yarada bilər".
Züriyə Qarayeva əlavə edib ki, Azərbaycan üçün prioritet məsələ Ermənistanın güclənməsinin qarşısını almaq deyil, bu prosesin regionda yeni hərbi qarşıdurmaya yox, dayanıqlı sülhə xidmət etməsini təmin edəcək siyasi və diplomatik mexanizmlərin formalaşdırılmasıdır.
Jalə Rövşən