“Danışıqlarda uzunmüddətli fasilə yaranacaq” — Mixail Neyjmakovun RƏYİ

Təhlil

28.11.2025 18:07

“Yaxın perspektivdə Rusiya və Ukrayna arasında sülh sazişinin imzalanma ehtimalı çox aşağıdır”.

Rusiyalı siyasi analitik Mixail Neyjmakov bunu TodayPress TV-yə açıqlamasında deyib.


Onun sözlərinə görə, hər iki tərəf döyüş əməliyyatlarını davam etdirmək üçün potensialının qaldığını iddia edir:  

“Rusiya Prezidenti Vladimir Putinin deyib ki, Ukrayna qoşunları Donbasdan çıxmalıdır. Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak isə “The Atlantic”ə verdiyi müsahibədə bildirib ki, Zelenski prezident olduğu müddətcə heç kim Ukraynanın ərazilərini verəcəyinə ümid etməməlidir.

Aydındır ki, münaqişə yalnız ərazi məsələsi ilə məhdudlaşmır. Lakin yenə də yaxın gələcəkdə mövcud cəbhə xətti üzrə döyüşlərin “dondurulması” senarisi çox ehtimal edilmir. Böyük ehtimalla, danışıqlar əvvəlcə uzanacaq və sonra müzakirə prosesində yeni, bəlkə də uzunmüddətli fasilə baş verəcək. Bu fonda döyüş əməliyyatlarının davam edəcəyi gözlənilir”.  

Ekspertin fikrincə, ABŞ Prezidenti Donald Trampın sülh planının razılaşdırılması ilə bağlı “müddət limiti yoxdur” deməsi də göstərir ki, ABŞ tərəfi də sürətli nəticəyə çox ümid etmir. Eyni zamanda danışıqlar nə qədər uzun çəkərsə, ABŞ Prezidentinin kəskin açıqlamalar və addımlar atma ehtimalı bir o qədər artır.


M.Neyjmakov düşünür ki, ABŞ Prezidentinin münaqişənin hər hansı tərəfi ilə bağlı sərt açıqlamaları “körpüləri yandırmaq” anlamına gəlməyəcək: 

“Çox güman ki, Ağ Ev zaman-zaman Moskva ilə münasibətləri yaxşılaşdırmaq üçün səylərini davam etdirəcək. Bununla belə, ABŞ-nin Kiyev ilə faktiki əlaqələri də pozulmayacaq. Xüsusilə ABŞ-də Respublikaçılar Partiyası daxilində təsirli olan hərbi-sənaye lobbisi üçün Ukrayna ətrafındakı böhran yalnız Ukrayna Silahlı Qüvvələrinin deyil, həmçinin Avropa ölkələrinin və hətta dünyanın digər regionlarındakı ölkələrin ordularının modernləşdirilməsi üçün də silah tələbatı deməkdir. Məsələn, Yaponiya üçün ümumi beynəlxalq gərginlik də müdafiə xərclərinin artırılması üçün əsas arqumentlərdən biridir”.

Qiymət Mahir

tag: Ağ Ev,ABŞ,Moskva ,Kiyev ,Todaypress.tv,