Azərbaycanda dəlilərin sayı artıb
2025-ci ildə Azərbaycanda 6 mindən çox insana ilk dəfə psixi və davranış pozuntusu diaqnozu qoyulub. Statistik göstəricilər cəmiyyətdə psixi sağlamlıqla bağlı problemlərin artıb-artmaması sualını gündəmə gətirir.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan psixoloq Nabat Mirzəyeva bildirib ki, diaqnozların sayındakı artımın iki əsas səbəbi var.

Onun sözlərinə görə, ilk səbəb müasir həyatın insanlarda yaratdığı psixoloji yükdür. İnformasiya axınının sürətlənməsi, sosial şəbəkələrdə davamlı müqayisələr, yüksək performans gözləntiləri və gələcəklə bağlı qeyri-müəyyənliklər insanların emosional vəziyyətinə ciddi təsir göstərir.
“Bu gün insanlar əvvəlki nəsillərlə müqayisədə daha çox informasiya qəbul edir, daha çox müqayisəyə məruz qalır və daha yüksək gözləntilərlə üzləşirlər. Nəticədə emosional və zehni yorğunluq artır. İnsanlar bəzən fiziki iş görməsələr də, özlərini yorğun hiss edirlər. Bunun səbəbi zehni yüklənmədir”, – deyə psixoloq vurğulayıb.
Ekspert hesab edir ki, sosial media da bu prosesdə mühüm rol oynayır. İnsanlar təkcə öz həyatlarını deyil, eyni zamanda yüzlərlə insanın nümayiş etdirdiyi “ideal həyat” görüntülərini izləyirlər. Bu isə öz növbəsində yetərsizlik hissi, özgüvən problemləri, stress və daxili gərginlik yarada bilir.

Psixoloqun fikrincə, diaqnoz sayının artmasının ikinci mühüm səbəbi insanların artıq psixi sağlamlıqlarına daha çox diqqət yetirməsidir.
“Əvvəllər panik atak, depressiya, anksiyete və ya emosional tükənmə kimi hallar çox vaxt xarakter xüsusiyyəti və ya müvəqqəti yorğunluq kimi qiymətləndirilirdi. İnsanlar bu problemlərlə bağlı mütəxəssisə müraciət etmirdilər. İndi isə psixi sağlamlıq barədə məlumatlılıq artıb və insanlar yaşadıqları vəziyyətin səbəbini öyrənmək üçün daha çox kömək axtarırlar”, – deyə o qeyd edib.
Nabat Mirzəyeva əlavə edib ki, statistik artım hər zaman psixi pozuntuların kəskin çoxalması anlamına gəlmir. Onun sözlərinə görə, bu göstəricinin bir hissəsi əvvəllər mövcud olsa da, diaqnostika olunmayan halların artıq aşkarlanması ilə bağlıdır.
Ekspert vurğulayıb ki, hər stress, yorğunluq və ya kefsizlik psixi pozuntu hesab edilmir. Bununla belə, müasir insan öz emosional vəziyyətini daha yaxından izləyir, yaşadığı hisslərin səbəbini anlamağa çalışır və lazım gəldikdə mütəxəssis dəstəyinə müraciət edir.
Mütəxəssisin qənaətinə görə, bugünkü insanın ən böyük yorğunluğu fiziki deyil, zehni və emosional yorğunluqdur.
Xanım Musayeva