Azərbaycan səfirliyinə raket zərbəsi: Kreml "topu" ABŞ-yə atdı!

Təhlil

17.11.2025 14:35

Rusiya Belçika XİN rəhbərinin “Azərbaycanın Kiyevdəki səfirliyinə rus zərbəsi dəyib” iddiasını rədd edib və ziyanın ABŞ istehsalı “Patriot” raketinin qalıqlarından yarana biləcəyini bildirib. Moskva deyir ki, zərbələr yalnız Ukraynanın müdafiə və enerji obyektlərinə yönəlib və diplomatik ünvanlar nəzərə alınıb.

Maraqlıdır, Rusiya tərəfinin ziyanı “Patriot” raketinin qalıqları ilə əlaqələndirməsi Kremlin ABŞ-ni məsələyə daxil etməsinə hesablanmış ola bilər və bu iddia hansı siyasi məqsədə xidmət edir? 


Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi şərhçi Şakir Ağayev bildirib ki, diplomatik nümayəndəliklərin hədəfə alınması yolverilməzdir və beynəlxalq hüquqa ziddir:

“Bilirsiniz, istənilən halda hər hansı diplomatik korpusun raket zərbəsinə məruz qalması qəbuledilməzdir və beynəlxalq hüquqa tam ziddir. Ukraynada Rusiya–Ukrayna müharibəsi davam edir, Rusiya isə mütəmadi olaraq zərbələr endirir. Bu şəraitdə hər iki tərəf elə davranmalıdır ki, xarici ölkələrin səfirlikləri heç bir halda hədəf və ya təsadüfi zərbə nöqtəsinə çevrilməsin. Diplomatiya haqqında qanunlar bunu qəti şəkildə tələb edir”.

Ekspert vurğulayıb ki, həm Rusiya, həm də Ukrayna hərbi əməliyyatlarda diplomatik ünvanların təhlükəsizliyini təmin etməlidir:

“Rusiya tərəfi həmişə “dəqiq zərbələr endirdiyini” iddia edir. Əgər belədirsə, deməli, diplomatik missiyaların ünvanları daha diqqətlə nəzərə alınmalıdır. Eyni şeyi Ukrayna üçün də deyə bilərik: hava hücumundan müdafiə sistemlərindən istifadə ediləndə elə şərait yaradılmalıdır ki, beynəlxalq missiyalar zərər görməsin”.

Ş.Ağayevin qənaətincə, “Patriot” iddiası tərəflərin informasiya savaşının nəticəsidir və hər iki ölkə hadisəni öz maraqlarına uyğun təqdim edir:

““Patriot” məsələsinə gəlincə, mən düşünmürəm ki, burda ABŞ-nin birbaşa prosesə qatılması kimi təqdim edilən xüsusi hal var. Bəli, “Patriot”lar ABŞ istehsalıdır, amma artıq Ukraynaya məxsusdur və onlardan Ukrayna özü istifadə edir – ABŞ yox. Sadəcə, burada hər iki tərəfin informasiya savaşı aparması müşahidə olunur”.

Onun sözlərinə görə, nəticədə ortaya klassik informasiya müharibəsi çıxır. Təəssüf ki, bizim səfirliyimiz də bu savaşın ortasında qalıb və ziyan görüb. Həm Rusiya, həm də Ukrayna bu hadisədən siyasi arqument kimi istifadə edir və məsuliyyəti bir-birinin üzərinə atır.

Şərhçi, həmçinin Rusiya və Qərb arasında informasiya savaşının pik həddə çatdığına diqqət çəkib:

“Rusiya–Qərb informasiya müharibəsinin hansı mərhələyə keçdiyinə gəlincə, bu mübarizə artıq ən yüksək həddə çatıb. Rumıniya, Fransa, Belçika və digər ölkələr bu hadisədən Rusiyaya qarşı əlavə təzyiq vasitəsi kimi istifadə edir. Rusiya isə öz növbəsində Qərbi ittiham edir. Ukraynada baş verən istənilən hadisə dərhal tərəflər arasında böyük bir informasiya qarşıdurmasına çevrilir”.

Ekspert sonda əlavə edib ki,  Rusiya ilə Qərb arasında real dialoq demək olar ki, mövcud deyil:

“Diplomatik risklərə gəlincə, mən hesab edirəm ki, bu gün risklərin artırılması üçün demək olar, artıq yer qalmayıb. Rusiya ilə Qərb ölkələri arasında real əlaqələr minimum səviyyədədir, səfirliklər formal olaraq mövcuddur, aktiv diplomatik dialoq isə yoxdur. Müharibə şəraitində risklərin maksimal həddə çatması təbiidir və bu gün vəziyyət məhz belədir”. 

Jalə Rövşən

TodayPress TV

tag: Şakir Ağayev,Rusiya,ABŞ,Azərbaycan səfirliyinə raket zərbəsi,todaypress.tv,