Azərbaycan səfirliyi İrəvanın harasında olacaq?

Azərbaycan səfirliyi İrəvanın  harasında olacaq?
17.07.2026 11:36 Təhlil

Azərbaycan və Ermənistan arasında uzun illər davam edən qarşıdurmadan sonra 2025-ci ildə Vaşinqtonda paraflanan sülh sazişi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasını və qarşılıqlı səfirliklərin açılmasını nəzərdə tutur.

Bu proses reallaşacağı təqdirdə, Azərbaycan səfirliyinin İrəvanda harada yerləşəcəyi həm praktiki, həm də simvolik baxımdan mühüm məsələ olacaq.

Səfirlik binasının seçilməsində şəhərin tarixi-mədəni irsi və Azərbaycanın İrəvandakı tarixi izləri də bu seçimə xüsusi məna qazandıra bilər.

İrəvan xanlığı dövründə şəhər qala, saray, məscid, hamam və karvansaralardan ibarət inkişaf etmiş şəhər infrastrukturu ilə seçilirdi. Şəhər Cənubi Qafqazın mühüm ticarət mərkəzlərindən biri hesab olunurdu. XX əsrdə isə bu memarlıq nümunələrinin böyük hissəsi dağıdılıb və ya öz ilkin funksiyasını itirib. Bu gün həmin tarixi irsin yalnız az bir hissəsi qorunub saxlanılıb. Buna görə də gələcəkdə Azərbaycan səfirliyinin memarlığında Şirvan-Abşeron üslubu, təbii daş elementləri və milli ornamentlərdən istifadə olunması tarixi-mədəni bağlılığın ifadəsi olacaq. 

İrəvanda səfirlik üçün ən əlverişli məkan kimi ilk növbədə Baqramyan prospekti göstərilə bilər. Şəhərin əsas diplomatik zonası hesab olunan bu prospektdə bir sıra ölkələrin səfirlikləri fəaliyyət göstərir. Milli Assambleya, Prezident rezidensiyası və Matenadaran kimi mühüm dövlət və elmi müəssisələrin də burada yerləşməsi ərazinin əhəmiyyətini artırır. Yüksək təhlükəsizlik tədbirlərinin tətbiq olunması, dövlət qurumlarına yaxınlıq və diplomatik nümayəndəliklərin cəmləşməsi baxımından Baqramyan prospekti hazırda ən real variantlardan biri hesab edilir.

Şəhərin mərkəzi  Respublika Meydanı da potensial ərazilər sırasındadır. Burada Hökumət Evi, Tarix Muzeyi və "Marriott Hotel Yerevan" yerləşir. Meydana yaxın ərazidə yerləşən keçmiş Ermənistan Xarici İşlər Nazirliyinin binası da potensial variantlardan biri kimi diqqət çəkir. Binanın uzun illər dövlət idarəçiliyində istifadə olunması və mərkəzi mövqedə yerləşməsi onu diplomatik nümayəndəlik üçün uyğun edə bilər. Lakin meydanın gün ərzində turistlər və şəhər sakinləri ilə sıx olması təhlükəsizlik baxımından əlavə və ciddi tədbirlər tələb edə bilər. 

Kaskad kompleksi, Opera və Balet Teatrı, eləcə də Şimal prospekti İrəvanın ən prestijli və canlı hissələrindəndir. Bu ərazi daha çox mədəniyyət, turizm və biznes mərkəzi kimi tanınır. Şəhərin simvolik məkanlarından biri olsa da, diplomatik nümayəndəlik üçün təhlükəsizlik və nəqliyyat baxımından Baqramyan prospekti qədər əlverişli deyil. 

Həmçinin şəhərin mərkəzində yerləşən keçmiş "Rossiya" mehmanxanası (hazırkı "Rossia Mall" kompleksi) də nəzəri baxımdan mümkün variantlardan biri sayıla bilər. Geniş ofis sahələri və mərkəzi mövqeyi üstünlük hesab olunsa da, binanın hazırda ticarət mərkəzi kimi fəaliyyət göstərməsi və ətraf ərazidə insan sıxlığının yüksək olması onu səfirlik üçün əlverişli seçim etmir.

İrəvanın sürətlə inkişaf edən istiqamətlərindən biri də İsakov prospektidir. ABŞ və Çin səfirliklərinin bu əraziyə yaxın yerləşməsi, geniş yol infrastrukturu və "Zvartnots" Beynəlxalq Hava Limanına rahat çıxış İsakov prospektini gələcəkdə yeni diplomatik nümayəndəliklər üçün olduqca cəlbedici məkanlardan birinə çevirir. Bu ərazi həm müasir standartlara cavab verməsi, həm də geniş planlaşdırma imkanları ilə fərqlənir.

İrəvanda Azərbaycan tarixi irsinin günümüzə qədər qorunub qalmış ən mühüm nümunələrindən biri XVIII əsrdə Hüseynəli xan Qacarın dövründə tikilmiş Göy məsciddir. Tarixi baxımdan səfirliyin bu əraziyə yaxın yerləşməsi xüsusi simvolik məna daşıya bilər. Lakin məscidin dini abidə olması, ərazinin məhdud imkanları və təhlükəsizlik məsələləri bu variantın reallaşmasını çətinləşdirir. 

İrəvan xanlığı dövründə şəhərin mühüm ticarət mərkəzlərindən sayılan Culfa, Gürcü, Sulu, Susuz, Hacı Əli kimi karvansaraların böyük əksəriyyəti XX əsrdə dağıdılıb və ya tamamilə yenidən qurulub. Buna görə də onların hər hansı birinin səfirlik binası kimi birbaşa istifadəsi imkan xaricindədir. Bununla belə, həmin tarixi irs gələcək səfirlik kompleksinin memarlıq həllində və ya mədəni konsepsiyasında öz əksini tapa bilər.

Qeyd: Məqalə analitik və hipotetik xarakter daşıyır. Burada səsləndirilən fikirlər mümkün ssenarilər əsasında hazırlanıb və gələcəkdə qəbul ediləcək rəsmi qərarlarla əlaqəsi yoxdur.

Jalə Rövşən     

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər