Aİ-nin 2030 planında Türkiyə yoxdur — Ankara niyə kənarda saxlanılır?

Təhlil

14.11.2025 15:34

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas açıqlamasında bildirib ki, Avropa İttifaqı 2030-cu ilə qədər yeni üzvlərin qəbuluna hazırlaşır. 


Onun sözlərinə görə, genişlənmə paketində Albaniya, Moldova, Ukrayna və Monteneqronun adı çəkilir. Kallas vurğulayıb ki, xüsusilə Ukraynanın Aİ-yə inteqrasiyası həm siyasi, həm də təhlükəsizlik baxımından həyati əhəmiyyət daşıyır və ölkənin müdafiə təminatının əsas elementlərindən birinə çevrilməlidir.


Bu fonda diqqət çəkən ən mühüm suallardan budur: Niyə Türkiyə siyahıda yoxdur?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Tural İsmayılov bildirib ki, Türkiyənin Aİ tərəfindən təqdim olunan siyahıda yer almaması, ilk növbədə, ittifaqın genişlənmə siyasətində strateji ardıcıllığın pozulduğunu göstərir:


“Brüssel uzun illərdir kriteriya əsaslı yanaşmadan uzaqlaşıb və siyasi kontekstə uyğun qərar verməyi üstün tutur. Bu ən çox Türkiyə məsələsində özünü büruzə verir. Ankara həm enerji təhlükəsizliyi, həm miqrasiya prosesləri, həm də Qara dəniz–Balkan geosiyasətinin əsas dayağı olduğu halda, Aİ bu geosiyasi reallığı qəbul etmək əvəzinə daxili siyasi qrupların təzyiqi ilə hərəkət edir”.

Ekspert qeyd edib ki, Türkiyənin iqtisadi gücü, sənaye potensialı və enerji tranzitində oynadığı rol onu Şərqi Avropa namizədlərindən xeyli qabağa çıxarır:

“Lakin Aİ-də coğrafi və strateji məntiqdən çox, siyasi risklərin idarə edilməsi praktikası işə salınır. Bu model Türkiyəni “həll olunmamış məsələ” statusunda saxlamağa hesablanıb. Son illər Ankaranın artırdığı siyasi müstəqillik, regional təşəbbüslər və özünütəyinetmə niyyəti isə Brüsselin onu tam inteqrasiya olunmuş aktora çevirməyə olan istəksizliyini daha da dərinləşdirir”.


Tural İsmayılov Kallasın açıqladığı siyahının Aİ-nin real prioritetlərini göstərdiyini vurğulayıb:

“Avropa Ukraynanın təhlükəsizliyini öz təhlükəsizliyi kimi görür, amma Türkiyənin NATO çərçivəsində onsuz da oynadığı kritik təhlükəsizlik rolunu dəyərləndirmir. Bu, Aİ-nin strateji rasional deyil, psixoloji komfort zonası çərçivəsində qərar verdiyini bir daha təsdiq edir. Sanki risk almamaq və mövcud balansı qorumaq strateji planlaşdırmanın yerini tamamilə tutub”.


Politoloqa görə, siyahıda Türkiyənin olmaması Ankaranın nüfuzuna zərbə deyil, əksinə, Aİ-nin strateji qavrayış çatışmazlığının göstəricisidir:

“Türkiyə regionun sabitlik yaradan əsas aktorlarından biridir. Aİ isə onu siyasi şərtlərlə yüklənmiş və dondurulmuş namizəd statusunda saxlamaqla öz geosiyasi manevr imkanlarını zəiflədir. Bu uyğunsuzluq Avropanın gələcək təhlükəsizlik arxitekturasında daha ciddi boşluqların yaranacağından xəbər verir”.

Qiymət Mahir

tag: Aİ,Kallas,Türkiyə,İttifaq,Todaypress.tv,