ABŞ TRIPP dəhlizinə rusu rəhbər qoydu - Sokolov kimdir?
ABŞ Dövlət Departamenti Cənubi Qafqaz və Mərkəzi Asiyada strateji infrastruktur layihələrini maliyyələşdirmək məqsədilə yaradılan 200 milyon dollardan artıq büdcəyə malik TRIPP+ (Trump Route for International Peace and Prosperity) investisiya fondunun rəhbərliyinə amerikalı investor Konstantin Sokolovu təyin edib.
Məlumata görə, fond nəqliyyat, enerji, kritik minerallar və digər strateji layihələrə investisiya yatıracaq. Sokolovun təyinatı onun uzun illər telekommunikasiya, enerji və infrastruktur sahəsində topladığı təcrübə, həmçinin iri investisiya layihələrində iştirakı ilə əlaqələndirilir. ABŞ Dövlət Departamenti təyinatı təsdiqləyib.
Konstantin Sokolov 1975-ci ildə Sankt-Peterburqda anadan olub. Ziyalı ailəsində böyüyüb. Anası universitetdə elmi işçi, atası isə fizika professoru olub. Beş yaşından ingilis dili öyrənib, məktəbdə xüsusilə riyaziyyat üzrə fərqlənib. 15 yaşından ailəsinə dəstək olmaq üçün tərcüməçi və proqramçı kimi çalışıb.
Sankt-Peterburq Dövlət Universitetində riyaziyyat və kompüter elmləri üzrə magistr təhsili alıb. 1997-ci ildə ABŞ-yə köçərək telekommunikasiya sahəsində fəaliyyətə başlayıb. Daha sonra 2005-ci ildə Chicago Booth School of Business-də Executive MBA proqramını bitirib.
Əmək fəaliyyətinə Qwest Communications (indiki Lumen Technologies) şirkətində başlayıb və Enterprise Architecture direktoru kimi ABŞ hökumətinin telekommunikasiya infrastrukturunun modernləşdirilməsi layihələrində iştirak edib. Sonra Böyük Britaniyanın Centrica PLC şirkətində strategiya, birləşmə və satınalmalar üzrə idarəedici direktor vəzifəsində çalışıb.
Hazırda Çikaqoda yerləşən IJS Investments investisiya şirkətinin qurucusu və sədridir. Şirkət texnologiya, maliyyə, enerji və kritik infrastruktur sahələrinə investisiya yatırır. O, həmçinin Ermənistanın ən böyük mobil operatoru olan Viva şirkətinin əsas səhmdarlarından biridir, Northern Pillar Energy Consortium və Pelagos Data Centres layihələrinin sədridir.
Sokolov suveren fondların və mərkəzi bankların restrukturizasiyası, iri şirkətlərin birjaya çıxarılması (IPO) və hökumətlər üçün strateji məsləhətçilik layihələrində də iştirak edib.
2025-ci ildə Chicago Booth School of Business-ə 100 milyon ABŞ dolları ianə edib. Bundan sonra məktəbin Executive MBA proqramı "Sokolov Executive MBA Program" adlandırılıb.
Konstantin Sokolov Münhen Təhlükəsizlik Konfransı Fondunun qəyyumlar şurasının üzvü, həmçinin Chicago Booth və Polsky Center Private Equity Council-un üzvüdür. ABŞ vətəndaşıdır, evlidir, iki qızı var.
Jalə Rövşən