ABŞ İranı bombalayır, İran isə Azərbaycanı hədəfə alır - Bakıda farsların trol ordusu
Son günlər yenidən qızışan İran-İsrail gərginliyi Azərbaycanın sosial mediasını da qarışdırıb. Xüsusilə iyunun 7-8-i ətrafında baş verən raket zərbələri ilə bağlı paylaşımlar altında yüzlərlə şərh yazılıb. Əksər insanlar İranın addımlarını dəstəkləyən fikirlər səsləndirirlər.
“Halaldı İrana”, “Maşallah”, “Allah İran ordusuna kömək olsun”, “Livanın intiqamı alınır”, “Boom boom Tel-Əviv” kimi ifadələr ən çox rast gəlinənlərdir. Bir çoxu yazır ki, “İsrail Livanı vurdu, indi İran da cavabını verir”. Bəziləri isə İranın hücumlarını davam etdirməsini arzulayır, “daha çox zərbə” kimi emosional rəylər qoyur.
Sosial şəbəkədəki mənzərəyə baxanda aydın görünür ki, müsəlman həmrəyliyi və anti-İsrail əhval-ruhiyyəsi burada güclüdür. Bir qisim istifadəçilər üçün İran “qardaş ölkə”dir və onun İsrailə qarşı hərəkətləri “haqlı” sayılır. Diqqət etmək lazımdır ki, xüsusilə gənclər arasında bu cür reaksiyalar daha çox nəzərə çarpır.
Amma hamı eyni fikirdə deyil. Bəziləri “regionda müharibə böyüməsin, sülh olsun” deyə narahatlıq bildirir. Digərləri isə hadisələri daha soyuqqanlı izləyir, “hər iki tərəf itki verir, nəticə nə olacaq?” sualını qoyur.
Azərbaycan ərazisinin münaqişədə istifadəsinə yol verməyəcəyini dəfələrlə deyib və hər iki tərəfi təmkinə çağırır. Amma sosial mediada emosiyalar daha güclüdür, faktlardan çox hisslər ön plandadır.
Görünür, Yaxın Şərqdəki hər hansı qarşıdurma bizim cəmiyyətimizin bəzi hissəsində dərhal əks-səda doğurur. İnsanlar ölkə xaricində baş verən hadisələrə görə, əməlli- başlı mübahisəyə girirlər.
Jalə Rövşən