"5 qəpiklik" dronla milyonluq helikopteri aşıran İran bu əraziləri şəxsi mülkü adlandırdı
ABŞ Ordusuna məxsus "Apache" tipli hərbi helikopter Hörmüz boğazı yaxınlığında İranın Shahed-136 kamikadze dronu ilə vurularaq qəzaya uğrayıb.
Hadisədən sonra İranın Xarici İşlər naziri Seyid Abbas Əraqçi sərt açıqlama verərək bildirib ki, Hörmüz boğazı beynəlxalq sular sayılmır və bu ərazi yalnız İran və Oman arasında bölüşdürülmüş su hövzəsidir.
Nazir həmçinin vurğulayıb ki, regionda xarici hərbi qüvvələrin mövcudluğu qəbulolunmazdır və boğazın statusu iki sahilyanı ölkənin suverenliyinə aiddir.
Hörmüz boğazı dünyanın ən strateji dəniz keçidlərindən biridir. Fars körfəzini Oman körfəzi və Hind okeanı ilə birləşdirən bu dar su yolunun eni ən dar nöqtəsində cəmi 33 kilometrdir. Şimal sahili İrana, cənub sahili isə Oman Sultanlığına məxsusdur. Qlobal neft daşımalarının təxminən 20 faizi məhz bu boğazdan keçir, buna görə də o, dünya enerji təhlükəsizliyi üçün kritik nöqtəsi sayılır.
1959-cu ildə İran, 1972-ci ildə isə Oman öz ərazi sularını 12 dəniz mili genişləndirib. Bu da nəticədə boğazın böyük hissəsinin həmin iki ölkənin ərazi sularına düşməsinə səbəb olub.
Beynəlxalq hüquqa əsasən Hörmüz boğazı “beynəlxalq boğaz” statusuna malikdir və burada tranzit keçid hüququ tətbiq olunur. Amma o, açıq dəniz (high seas) sayılmır. İran BMT-nin Dəniz Hüququ Konvensiyasına qoşulmayıb və yalnız “masum keçid” prinsipini qəbul edir.
Oman isə konvensiyanın üzvü olsa da, hərbi gəmilərin keçidi üçün əvvəlcədən icazə tələb edir. Bu fərqli yanaşmalar uzun illərdir regionda gərginliyin əsas mənbələrindən biri kimi qalır.
Jalə Rövşən