15 dəqiqə kitab oxu, pul qazan - Azərbaycanda da tətbiq oluna bilərmi?

15 dəqiqə kitab oxu, pul qazan - Azərbaycanda da tətbiq oluna bilərmi?
20.09.2026 23:00 Təhlil

Sinqapurda insanların kitab oxumasını təşviq etmək məqsədilə tətbiq olunan mükafatlandırma sistemi müzakirələrə səbəb olub. Layihəyə əsasən, iştirakçılar gündə ən azı 15 dəqiqə mütaliə etməklə virtual mükafatlar qazana bilirlər.

TodayPress TV xəbər verir ki, təhsil eksperti Ramin Nurəliyev Azərbaycanda da kitab oxuma vərdişinin təşviqi üçün bu cür mexanizmlərdən istifadə oluna biləcəyini düşünür. Lakin ekspert hesab edir ki, problemin həlli yalnız insanlara kitab oxuduqları üçün mükafat verməklə yekunlaşmamalıdır.

Onun sözlərinə görə, ilk növbədə cəmiyyətdə təhsilə və mütaliəyə münasibət dəyişməlidir.

“İlk növbədə insanların təfəkkürü dəyişməlidir. Kitab oxumaq və təhsil almaq cəmiyyət üçün əsas dəyərlərdən birinə çevrilməlidir”, - deyə ekspert bildirib.

Məktəblinin kitab oxumağa vaxtı qalır?

Ramin Nurəliyev mütaliənin qarşısındakı əsas maneələrdən birinin məktəblilərin ağır dərs və hazırlıq yükü olduğunu deyib.

Ekspertin fikrincə, xüsusilə yuxarı siniflərdə şagirdlərin gündəlik vaxtının böyük hissəsi universitetə qəbul imtahanlarına hazırlığa gedir. Şagird səhər məktəbə gedir, günortadan sonra hazırlıq kurslarına qatılır, axşam isə həm məktəb, həm də kurs tapşırıqlarını yerinə yetirməli olur.

Belə vəziyyətdə bədii ədəbiyyat oxumaq üçün vaxt tapmaq çətinləşir.

“5-6 fəndən universitetə hazırlaşan bir şagirdin gündəlik yükünə nəzər salaq. Səhər məktəbə gedir, günortadan sonra müxtəlif hazırlıqlara qatılır, axşam isə yorğun halda evə qayıdır. Bundan sonra həm məktəb dərslərinin, həm də hazırlıq kurslarının tapşırıqlarını yerinə yetirməlidir. Belə bir şəraitdə həmin şagirdin bədii əsər oxumağa necə vaxt tapması mümkündür?” – ekspert vurğulayıb.

O hesab edir ki, şagirdlərin mütaliədən uzaqlaşmasının səbəblərindən biri də qəbul imtahanlarına hazırlıq sisteminin yaratdığı yükdür. Onun sözlərinə görə, bu məsələyə yenidən baxılmasına ehtiyac var.

“Gənclərin vaxtının böyük hissəsini sosial şəbəkələr alır”

Ekspertin diqqət çəkdiyi digər məsələ isə sosial şəbəkələrdir.

Onun sözlərinə görə, müasir dövrdə gənclər sosial platformalarda kifayət qədər çox vaxt keçirirlər. Bu isə bədii ədəbiyyata ayrılan vaxtın azalmasına səbəb olur.

Nurəliyev hesab edir ki, həm sosial şəbəkələrdən istifadəyə yanaşma, həm də gənclərin asudə vaxtını necə keçirməsi məsələsi müzakirə olunmalıdır.

“Hazırda gənclər sosial şəbəkələrdə kifayət qədər çox vaxt keçirirlər və bu da onların bədii ədəbiyyatdan uzaqlaşmasına səbəb olur”, - deyə ekspert bildirib.

Kitab oxumağa pul vermək çıxış yoludur?

Ramin Nurəliyev hesab edir ki, mütaliəni artırmaq üçün mükafatlandırma mexanizmindən də istifadə etmək mümkündür. Daha çox və mütəmadi kitab oxuyan şəxslərə müəyyən mükafatların təqdim olunması insanları mütaliəyə həvəsləndirə bilər.

Lakin ekspert bunun yalnız təşviq vasitəsi olduğunu düşünür. Onun fikrincə, cəmiyyətdə kitab oxuma atmosferi formalaşmadan yalnız maddi və ya rəqəmsal mükafatlarla davamlı nəticə əldə etmək çətin olacaq.

“Gənclərdə mütaliə vərdişinin inkişaf etdirilməsi yalnız müəyyən mükafatların təqdim olunması ilə məhdudlaşmamalıdır. Bu sahədə maarifləndirmə işləri düzgün və davamlı şəkildə aparılmalıdır”, - deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, bu istiqamətdə dövlət qurumları, məktəblər, təhsil sahəsində fəaliyyət göstərən qurumlar, mütəxəssislər və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyəti vacibdir.

“Kitab oxumaq insanın dünyaya baxışını dəyişir”

Ramin Nurəliyev mütaliənin yalnız dərs və ya imtahan nəticələri baxımından qiymətləndirilməsinin düzgün olmadığını bildirib.

Onun sözlərinə görə, kitab oxumaq insanın söz ehtiyatını artırır, fikirlərini daha düzgün ifadə etməsinə kömək edir, dünyagörüşünü genişləndirir və təfəkkürünü inkişaf etdirir.

“İstər yerli ədəbiyyat, istər klassik əsərlər, istərsə də xarici ədəbiyyat nümunələri olsun, kitab oxumağın faydalarını sadalamaqla bitirmək mümkün deyil. İnsan mütaliə etdikcə söz ehtiyatını artırır, fikirlərini daha yaxşı ifadə etməyi öyrənir və dünyaya baxışı genişlənir”, - ekspert deyib.

O əlavə edib ki, Azərbaycanda mütaliə vərdişinin geniş yayılması üçün bu məsələ davamlı şəkildə gündəmdə saxlanılmalıdır.

Ekspertin fikrincə, “kitab oxu və pul qazan” yanaşması insanları mütaliəyə başlamağa sövq edə bilər. Ancaq əsas məqsəd kitab oxumağı mükafat üçün edilən fəaliyyət deyil, gündəlik həyatın bir hissəsinə çevirmək olmalıdır.

Nurəliyev hesab edir ki, dövlət qurumları, məktəblər və ictimai təşkilatlar bu istiqamətdə daha sistemli fəaliyyət göstərsələr, ölkədə mütaliə mühitinin formalaşdırılması mümkün olar.

“Dövlət qurumları, təhsil sahəsində fəaliyyət göstərən qurumlar, məktəblər, mütəxəssislər və qeyri-hökumət təşkilatları mütaliənin təşviqini ön plana çıxarsalar, ölkədə kitab oxuma atmosferinin formalaşmasına nail olmaq mümkündür. Təəssüf ki, hazırda bu atmosferin lazımi səviyyədə olduğunu söyləmək çətindir”, - deyə ekspert vurğulayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
20 SENTYABR 2026
Bütün Xəbərlər