Qələmi ilə şəhadətə yüksələn jurnalist

Qələmi ilə şəhadətə yüksələn jurnalist
04.09.2026 12:00 Sosial

Məhərrəm Əli oğlu İbrahimov 16 aprel 1982-ci ildə Göyçə mahalının Çəmbərək rayonunun Ardanış kəndində dünyaya gəlib. Uşaqlıq illəri qısa sürüb. Ailəsi məcburi köçkün kimi Bakıya gəlib, Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində məskunlaşıb. 100 nömrəli orta məktəbi bitirdikdən sonra Ali İctimai-Siyasi Kollecin jurnalistika fakültəsinə daxil olub. 2003-cü ildə təhsilini başa vurub, hərbi xidmətə yollanıb. O, Daxili Qoşunlarda borcunu yerinə yetirib.

2004-cü ildən ömrünün sonuna qədər yalnız bir ünvanı olub – AZƏRTAC. 22 yaşında müxbir kimi başladığı yolda 17 il çalışıb, hərbi jurnalist kimi tanınıb. Cəbhə bölgələrinə dəfələrlə ezam olunub. 44 günlük Vətən müharibəsinin ilk günündən informasiya cəbhəsinin önündə dayanıb. Döyüşlərin gedişini, düşmənin mülki əhaliyə qarşı törətdiyi cinayətləri hadisə yerindən çatdırıb.

Müharibədən sonra da forma geyinib. İşğaldan azad edilmiş torpaqlara gedib, erməni vandalizminin izlərini, dağıdılmış kəndləri, yandırılmış evləri qələmə alıb. Həqiqətləri dünyaya çatdırmaq istəyib.

2021-ci il iyunun 4-ü. Yenə belə səfərlərdən biri Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda tank əleyhinə minaya düşüb. Yanındakı həmkarı – AzTV-nin operatoru Sirac Abışov və kənd icra nümayəndəsinin müavini Arif Əliyev də şəhid olub. Məhərrəm İbrahimov 39 yaşında Vətən yolunda canını verib.

İki oğul atası idi – Uğur və Toğrul. Onları böyütmək, azad Qarabağa aparmaq arzusu yarımçıq qalıb. Prezident İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Müşfiqabad qəsəbəsində, valideynlərinin yanında dəfn olunub.

Məhərrəm İbrahimov sadəcə jurnalist deyildi. Peşəsinə bağlı, sakit xasiyyətli, vətənpərvər bir insan idi. Qələmi ilə tarix yazdı, son nəfəsini də Vətən torpağında verdi. Onun adı bu gün də Azərbaycan mətbuatının şərəf səhifələrində yaşayır.

Türkan İsgəndərli

FOTOLAR

Qələmi ilə şəhadətə yüksələn jurnalist — 1
XƏBƏR LENTİ
04 SENTYABR 2026
Bütün Xəbərlər