Midadan ev almaq istəyənlər tələyə düşür - Dələduzların əl atdığı saxtakarlıq

Midadan ev almaq istəyənlər tələyə düşür - Dələduzların əl atdığı saxtakarlıq
04.09.2026 11:20 Sosial

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) süni intellekt proqramlarından istifadə etməklə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) adından saxta müqavilələr hazırlayan iki nəfəri saxlayıb.

Bəs dələduzlar bu  əməlləri necə həyata keçirirlər? 

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin sədri Elvin Abbasov bildirib ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən müəyyən edilən bu cür cinayət əməllərində dələduzlar MİDA-nın elektron sistemini və ya mərkəzi verilənlər bazasını ələ keçirmirlər: 


"Burada əsas hədəf texniki sistemin özü və ya serverlər deyil, vətəndaşların inamından sui-istifadə edən sosial mühəndislik taktikaları və generativ süni intellekt alətləri vasitəsilə həyata keçirilən vizual sənəd saxtakarlığıdır".  

O qeyd edib ki, dələduzlar müasir süni intellekt və qrafik redaktə proqramlarından istifadə edirlər:

"Onlar bu yolla MİDA-nın rəsmi blanklarını, dövlət gerbini, imza və möhür nümunələrini piksel dəqiqliyi ilə kopyalayırlar. Süni intellekt mətni rəsmi hüquqi leksikona, şriftə və struktura uyğunlaşdıraraq xaricdən tamamilə həqiqi görünən saxta müqavilələr formalaşdırır. Daha sonra vətəndaşlara “MİDA sistemində xüsusi tanışlıq var”, “növbəni qabağa çəkmək mümkündür” və ya “kənardan güzəştli mənzil müqaviləsi bağlamaq olur” kimi yalan vədlər verilir. Vətəndaş saxta sənəddəki rəsmi rekvizitləri gördükdə buna inanır və qarşı tərəfə böyük məbləğdə pul ödəyir". 

Ekspert əlavə edib ki, sistem yüksək səviyyədə mühafizə olunur:

"Əslində isə MİDA-nın “Güzəştli Mənzil” elektron sistemi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən güclü kibermüdafiə zənciri ilə qorunur. Bütün mənzil seçimi və alqı-satqı əməliyyatları yalnız gücləndirilmiş rəqəmsal identifikasiya (SİMA rəqəmsal imza, ASAN İmza) vasitəsilə, real vaxt rejimində və elektron portal üzərindən icra olunur. Dolayısı ilə, kağız üzərində və ya sistemdən kənar hazırlanan heç bir fiziki müqavilə hüquqi qüvvəyə malik deyil və burada hər hansı kiberhücum və ya bazaya müdaxilə halı baş verməyib".  

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
04 SENTYABR 2026
Bütün Xəbərlər