Kamerası susdu, kadrları danışmağa davam etdi - Sirac Abışov
Sirac Abış oğlu Abışov 29 avqust 1989-cu ildə Qubadlı rayonunun Dondarlı kəndində anadan olub. Dörd yaşında ikən doğma yurdundan didərgin düşüb. Ailəsi Sumqayıta köçüb. Orada böyüyüb, oxuyub, həyata atılıb.
Operator peşəsinə gəncliyindən bağlı olub. “Yurd” internet televiziyasında, APA agentliyində çalışıb. 2019-cu ildə Azərbaycan Televiziyasına gəlib. Kameranı əlinə alanda artıq peşəkar idi. Sadəcə şəkil çəkmir, hadisəni yaşadırdı.
2019-cu ildə ailə həyatı qurub. 2020-ci ilin martında Özgür adlı oğlu dünyaya gəlib. Təəssüf ki, ata olmaq sevinci uzun sürməyib.
Vətən müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlara ezam olunub.
2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda tank əleyhinə minaya düşüb. Yanındakı AZƏRTAC müxbiri Məhərrəm İbrahimov ilə birlikdə şəhid olub. 31 yaşında kamera arxasında canını verib.
Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Prezident İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Sirac Abışov qısa ömür yaşadı. Amma kamerası ilə gördüklərini, çəkdiklərini bu gün də xatırlayırıq. Onun çəkdiyi kadrlar hələ də danışır.
Türkan İsgəndərli