Ermənistanda Nizami Gəncəvinin Azərbaycan dilində yazdığı əsərləri tapılıb - Sensasion məlumat - FOTOLAR
Prof. Dr. Zaur Əliyev 1940-cı ildə İrəvandakı Matenadaranda Nizami Gəncəvinin Azərbaycan dilində yazılmış əlyazmalarının aşkar edilməsi ilə bağlı Facebook hesabında paylaşım edib.
TodayPress TV xəbər verir ki, o, paylaşımında həmin dövrdə Matenadaranın fars əlyazmaları bölməsində Nizami Gəncəviyə məxsus olduğu bildirilən bir sıra əsərlərin aşkar edildiyini qeyd edib.
Zaur Əliyevin sözlərinə görə, 1940-cı ildə muzeydə çalışan Şabanov soyadlı əməkdaş №43 fars əlyazmaları bölməsində Nizaminin “Xəmsə” və “Yeddi gözəl” əsərləri ilə yanaşı, Azərbaycan dilində yazılmış 12 sətirlik “Nizami qəzəli”ni də aşkar edib.
Paylaşımda qeyd olunur ki, sənəd üzə çıxdıqdan sonra erməni alimləri Acaryan, Şaxnazaryan və Arimfaryan əlyazmanı araşdırıblar. Əlyazmanın Azərbaycan dilində yazıldığı və Nizami Gəncəviyə məxsus olduğu bildirilib.
Zaur Əliyev həmçinin Matenadaranın direktoru Qriqor Abovun Azərbaycan KP(b) MK-nın birinci katibi Mircəfər Bağırova və Ermənistan KP MK katibi Arutyunyana yazdığı məktubdan bəhs edib.
Professorun paylaşımına görə, həmin sənədlərdə Nizaminin Azərbaycan türkcəsində yazdığı şeirlərin olduğu və “Leyli və Məcnun” əsərinin iki versiyasına - fars və Azərbaycan Türk dilində olan variantlarına rast gəlindiyi qeyd edilir.
Paylaşımda həmçinin bildirilir ki, Ermənistan tərəfi məsələni dəqiqləşdirmək üçün Leninqraddan fars ədəbiyyatı mütəxəssislərini İrəvana dəvət etməyə nail olub, lakin İkinci Dünya müharibəsi bu araşdırmaların aparılmasına mane olub.
Zaur Əliyev iddia edir ki, Nizami Gəncəvinin Azərbaycan türkcəsində olan əlyazmaları, kitabları və digər qədim sənədlər sonradan Azərbaycan tərəfinə təqdim edilməyib və bu sənədlər Matenadaranda saxlanılır.
Kübra Musayeva