Gələcəyin ulduzları üçün geri sayım başladı: U-20 mundialının brendi təqdim olundu!
FIFA 2027-ci ildə U-20 oğlanlar arasında keçiriləcək futbol üzrə dünya çempionatının rəsmi brendini təqdim edib.
TodayPress TV xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Azərbaycan və Özbəkistanda təşkil olunacaq turnirin rəsmi şüarı - “Bu oyun sənlikdir” gənc futbolçulara və azarkeşlərə ünvanlanıb. Şüar gənc istedadlara böyük uğurlara imza atmaq, yeni əlaqələr qurmaq və futbolun gələcəyini formalaşdırmaq imkanlarını təqdim edir.
Qeyd edək ki, 2027-ci il U-20 dünya çempionatı sayca 25-ci turnir olacaq və 1977-ci ildə Tunisdə keçirilmiş ilk yarışın 50 illiyinə təsadüf edəcək. Dieqo Maradona, Lionel Messi və Erlinq Haaland kimi dünya ulduzları məhz bu nüfuzlu yarışda parlaq çıxışları ilə tanınıblar. Qarşıdakı çempionat gənc nəslə futbolda öz izini qoymaq, azarkeşlərə isə gələcəyin ulduzlarını kəşf etmək üçün unikal şans yaradacaq.
Namiq HUN