Yeni ildən qiymət artımı gözlənilir: Paytaxt sakinləri narazıdır - VİDEO
Gündəm
31.12.2025 14:12
Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 5 qəpik, dizelin qiyməti 10 qəpik qaldırılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Tarif Şurasının məlumatında bildirilib.
Eyni zamanda elektrik enerjisi və təbii qaz üzrə sabit tariflər də müəyyənləşdirilib.
Bildirilib ki, "Elektroenergetika haqqında" və 2026-cı il yanvarın 1-dən qüvvəyə minən yeni "Qaz təchizatı haqqında" qanunlara əsasən, istehlak səviyyəsindən asılı olmadan sabit xarakterli xərclərin istehlakçılar arasında balanslı şəkildə bölüşdürülməsi məqsədilə sabit tarif müəyyənləşdirilib.
Qeyd edək ki, elektrik enerjisi və təbii qaz təchizatında abonentlərdən hər ay sabit ödənişlərin alınması bir çox ölkələrdə tətbiq olunur. Beynəlxalq təcrübədə sabit ödənişlərin tətbiqi istehlakçının istifadə etdiyi elektrik enerjisi və təbii qazın miqdarından asılı olmayaraq, infrastrukturun saxlanması, xidmətlərin göstərilməsi və digər əməliyyat xərclərinin qarşılanmasında mühüm əhəmiyyət kəsb edir.
Tarif (qiymət) Şurası tərəfindən elektrik enerjisi üzrə aylıq sabit tarif əhali və birfazalı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üzrə bir manat, üçfazalı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üzrə üç manat müəyyənləşdirilib.
Təbii qaz üzrə aylıq sabit tarif isə əhali və məişət qaz qurğuları ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə bir manat, sənaye qaz qurğusu ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə üç manat müəyyənləşdirilib.
Qərar 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.
Bu qərarla bağlı paytaxt sakinlərinin fikirlərini öyrəndik:
tag: Qiymət,Benzin,Ərzaq,Bayram,Todaypress.tv,
