Vətən müharibəsinin 6-cı günü
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Qəhrəman hərbçilərimiz 44 gün ərzində fasiləsiz döyüşərək 30 il işğal altında qalan torpaqlarımızın azad olunması uğrunda böyük qəhrəmanlıq göstərdilər.
Müharibənin 6-cı günü
Azərbaycan Ordusu əks-hücum əməliyyatlarını cəbhənin müxtəlif istiqamətlərində uğurla davam etdirib. Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Ağdərə istiqamətində Madagiz ətrafındakı mühüm strateji yüksəkliklər düşməndən azad edilib. Cəbrayıl-Füzuli istiqamətində Azərbaycan bölmələri qarşı tərəfin müqavimətini yararaq Ermənistan qoşunlarını geri çəkilməyə vadar edib. Murovdağ istiqamətində də əməliyyat şəraiti Azərbaycan Ordusunun nəzarətinə keçib.
Döyüşlər zamanı düşmənin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti, eləcə də xeyli sayda canlı qüvvəsi məhv edilib. Həmçinin dayaq məntəqələrinə silah-sursat daşıyan texnikalar sıradan çıxarılıb.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib. Dövlət başçısı müsahibəsində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatlardan, Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatından və münaqişə ilə bağlı digər məsələlərdən danışıb.
Həmin gün Ermənistan silahlı qüvvələrinin 193-cü desant həmlə taborunun hava endirim komanda birliyinə məxsus döyüş bayrağı ələ keçirilib.
Düşmən ordusuna aid 10-dan çox hərbi texnika, o cümlədən “URAL” markalı avtomobillərdə silah-sursat, hərbi geyim və əsgər ləvazimatları aşkarlanıb. Məlumata görə, texnikaların böyük hissəsi istifadəyə yararlı vəziyyətdə olub.
Müdafiə Nazirliyi Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikasının məhv edilməsini əks etdirən yeni görüntülər də yayıb.
Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun Birinci Alıbəyli qəsəbəsini, Goranboy rayonunun Səfikürd kəndini, Ağcabədi rayonunun Hacılar kəndini, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini və digər yaşayış məntəqələrini ağır artilleriya vasitələrindən atəşə tutub. Atəşə tutulma nəticəsində çoxsaylı evlər və infrastruktur obyektləri dağılıb və ya ciddi zərər görüb.