Sahil bağında yaşlı kişini ağladıb, qarət etdilər - Bakıda unikal fırıldaq olayı

Gündəm

27.04.2026 11:01

Bakıda vətəndaşın hisslərindən sui-istifadə edilərək dələduzluq hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə Musiqili Teatrın mətbuat katibi Fəridə Aslanova sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, hadisə aprelin 25-də səhər saatlarında “Sahil” metrosu yaxınlığında yerləşən marketlərdən birinin qarşısında baş verib. Belə ki, 55 yaşlı bir kişi tanımadığı şəxs tərəfindən emosional manipulyasiyaya məruz qalaraq pulunu itirib.

"Ortayaşlı bir kişi ona yaxınlaşıb, sanki doğma birini görürmüş kimi davranıb, qucaqlayıb, üz-gözündən öpərək "səni çoxdan axtarıram" deyib. Dələduz qarşı tərəfi keçmiş xatirələrə yönəldərək onun etibarını qazanıb. Tanışım Şuşa ilə bağlı xatirələrini danışdıqca, həmin şəxs də təsdiqləyirmiş kimi reaksiya verib. Nəticədə o, qarşısındakı adamı köhnə tanışının nəvəsi hesab edib".

Daha sonra həmin şəxs özünü çətin vəziyyətdə olan biri kimi təqdim edərək pul istəyib:

"Deyib ki, həbsdə olub, iş tapa bilmir və ondan 10 manat istəyib. Tanışım isə pulqabısında olan son 30 manatı ona verib. Zərərçəkən bir müddət sonra aldadıldığını anlayıb. Onu yandıran 30 manat deyil, hansısa vicdansızın onun hissləri ilə oynamasıdır".

Fəridə Aslanova paylaşımında bu kimi halların cəmiyyətdə etimadı sarsıtdığını vurğulayıb və insanları diqqətli olmağa çağırıb:

"Belə hadisələr mərhəmətli insanları da getdikcə şübhəli və ehtiyatlı edir. Nəticədə həqiqətən köməyə ehtiyacı olanlar kölgədə qalır".

O əlavə edib ki, bu tip dələduzlar insanların zəif nöqtələrini tapmaqda mahirdir və hər kəs bu cür manipulyasiyalara qarşı ayıq olmalıdır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Bakı,Vətəndaş,Fırıldaq,Dələduzluq,Todaypress.tv,