Rusiyada yaşayan azərbaycanlılarla bağlı yeni qərar verildi
Gündəm
28.04.2026 16:10
Rusiyada yaşamaq və işləmək istəyən əcnəbilər üçün xərclər kəskin şəkildə artırılır.
TodayPress TV xəbər verir ki, Rusiya Maliyyə Nazirliyinin hazırladığı qanun layihəsi artıq hökumət komissiyası tərəfindən bəyənilib.
Belə ki, hökumət xarici vətəndaşlar üçün nəzərdə tutulan dövlət rüsumlarının dəfələrlə artırılmasını təsdiqləyib. Yeni tariflərin 1 iyul 2026-cı il tarixindən etibarən tətbiq olunması planlaşdırılır. Dəyişikliklər həm vizaları, həm də ölkədə qalmaq üçün tələb olunan sənədləri əhatə edir.
Məlumata görə, 90 günədək ölkədə qalmaq istəyən miqrantlar çoxdəfəli giriş vizası üçün əvvəlkindən üç dəfə çox, yəni 6 000 rubl ödəməli olacaqlar. Ən kəskin artım isə Rusiya vətəndaşlığına qəbul və ondan imtina prosedurlarında müşahidə edilir. Bu xidmət üçün rüsum 4 200 rubldan birbaşa 50 min rubla qaldırılır.
Bundan başqa, yaşayış icazəsinin (VNJ) qiyməti beş dəfə artaraq 30 000 rubla, giriş dəvətnaməsinin rüsumu isə səkkiz dəfə bahalaşaraq 8 000 rubla çatacaq. Şirkətlər də əcnəbi işçi cəlb etmək üçün hər nəfərə görə 15 000 rubl ödəməli olacaqlar.
Qısası, Rusiyada sənəd almaq və vətəndaşlıq qazanmaq istəyən şəxslər bu ilin yayından etibarən dövlətə indikindən 12 dəfəyə qədər daha çox pul ödəməli olacaqlar, bu da ölkəyə gələn işçi sayının azalması ilə nəticələnə bilər.
Jalə Rövşən
tag: Rusiya,Əcnəbi,Rüsum ,Azərbaycanlı ,Todaypress.tv,
