Ruben Vardanyan ömürlük həbs olunacaq? - Açıqlama
Gündəm
18.12.2025 18:01
Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror çıxış edib.
Prokuror çıxışında R. Vardanyanın ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
Bəs Vardanyana ömürlük həbs cəzası verilə bilər?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, onun törətdiyi ağır cinayətlər ömürlük azadlıqdan məhrumetmə cəzasını tam əsaslandırır:

"Bəli, əlbəttə ki, belə bir cəza verilə bilər və mən hesab edirəm ki, ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq olunmalıdır. Sonradan əfv məsələsinin gündəmə gəlib-gəlməməsi isə ayrı mövzudur. Lakin onun törətdiyi cinayətlərin ağırlığı bu cəzadan daha yüngül yanaşmanı istisna edir. Bu baxımdan, ona ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsi tam əsaslıdır".
Həmçinin hüquqşünas Fərhad Mehdiyev məsələ ilə bağlı TodayPress TV-yə açıqlamasında bildirib ki, Vardanyanla bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət məsuliyyətinin yaranması mümkündür və bu, cinayətlərin məcmusu qaydasında tətbiq oluna bilər.

Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 100.2-ci maddəsi Vardanyana şamil edilə bilər. Həmin maddə təcavüzkar müharibənin aparılmasına görə 12 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası nəzərdə tutur.
Ə.Həsənov qeyd edib ki, eyni zamanda Cinayət Məcəlləsinin 115-ci maddəsi — müharibə qanun və adətlərinin pozulması, eləcə də 116-cı maddəsi — müharibə zamanı beynəlxalq humanitar hüquq normalarının pozulması üzrə də məsuliyyətin yaranması istisna edilmir. Hüquqşünasın fikrincə, bu maddələr ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir.
O vurğulayıb ki, qeyd olunan maddələrin cinayətlərin məcmusu qaydasında tətbiqi halında Vardanyan barəsində ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsi hüquqi baxımdan tam əsaslıdır.
Jalə Rövşən
tag: Əkrəm Həsənov,Hüquqşünas,Ruben Vardanyan,Həbs,Todaypress.tv,
