Prezidentdən AÇIQ MESAJ: “Azərbaycan heç vaxt...”
Gündəm
10.02.2026 16:47
Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdə çıxışı zamanı Azərbaycanın regional və qlobal gərginliklər fonunda prinsipial mövqeyini açıqlayıb.

O bildirib ki, bəzi ölkələr arasında münasibətlər gərgin ola bilər, lakin Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq və daim əməkdaşlıq, dialoq və qarşılıqlı maraqlar üzərində qurulan məkan kimi çıxış edəcək:
“Ölkələrdən bəziləri bir-biri ilə yaxşı münasibətdə deyil. Lakin mən hər zaman demişəm ki, Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq”.
Məsələ ilə bağlı TodayPress TV-yə danışan Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa edəndən sonra bütün gücünü sülhə və inkişafa yönəltdiyi aydın görünür.

Onun sözlərinə görə, Azərbaycan müharibələrin xalqları necə geri saldığını, onları inkişafdan saxladığını öz təcrübəsində yaşayıb və bu səbəbdən artıq heç bir toqquşma meyllərinin olmayacağını açıq şəkildə bəyan edir:
“Azərbaycan bunun üçün nə lazımdırsa, edir. Hətta düşmən olduğu Ermənistanla belə bütün çətinliklərə baxmayaraq, sülh və əməkdaşlıq yolunu tutub”.
Azər Qasımovun sözlərinə görə, Azərbaycan Prezidentinin bu fikirləri ABŞ nümayəndələri ilə görüş zamanı səsləndirməsi xüsusi simvolik xarakter daşıyır.
Analitik qeyd edib ki, regionda maraqlı olan güclərin siyasi oyunlarının getdiyi bir vaxtda hələ də qarışıqlıq istəyən ölkələr varsa və ya bu kimi planlar qurulursa, bu mesaj məhz onlara ünvanlanıb:

“Təbii ki, onların adlarını çəkməklə vəziyyəti gərginləşdirməyə ehtiyac yoxdur. Lakin hesab edirəm ki, onlar da sonda qarşılıqlı əməkdaşlıq yolunu seçəcəklər”.
Azər Qasımov, həmçinin vurğulayıb ki, ABŞ-nin bilavasitə regiona gəlməsi həmin ölkələr üçün də fürsət pəncərəsi yaradır:
“Burada formalaşan əməkdaşlıq həmin ölkələrlə ABŞ arasında digər regionlarda və məsələlərdə də əməkdaşlıq üçün zəmin yarada bilər”.
Qiymət Mahir
tag: Azər Qasımov,Politoloq,Prezident,ABŞ,Todaypress.tv,
