“Mehdiyev işi” niyə səssizləşib? – “Bu şəxslərin vəzifələrində qalması...”

Gündəm

08.01.2026 11:51

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı açılmış cinayət işi 2025-ci ildə geniş müzakirə mövzusu oldu. 

Məhkəmənin ev dustaqlığı ilə bağlı qərarı, istintaq çərçivəsində aparılan prosessual hərəkətlər və ayrı-ayrı fiqurantlar barədə yayılan məlumatlar prosesə diqqəti artırmışdı. 

Son günlərdə isə bu işlə bağlı açıqlamaların və informasiya axınının azalması müşahidə olunur. 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Orucov bildirib ki, R.Mehdiyevin cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir:


“Mətbuatda yayımlanan məlumatlara görə, bununla bağlı o, bir neçə dəfə evində dindirilib. Onun ortaqları olduğu iddia edilən bir sıra şəxslər barədə müvafiq addımlar atılıb. Onlardan bəziləri istintaq təcridxanasına göndərilib, axtarışda olanlar da var. Düşünürəm ki, R.Mehdiyevin cinayətinin əhatə dairəsini tam müəyyənləşdirmək və digər ortaqlarını da ifşa etmək xeyli zaman alacaq. Bu cinayət əməli sıradan deyil və istintaqın gedişinə kənar, o cümlədən xarici maneələrin mümkünlüyünü də istisna etmirəm. Sabiq Administrasiya rəhbəri Kremlin Azərbaycandakı ən odioz fiqurlarından biri olub və Rusiyanın, xüsusilə də son dövrlərdə sərgilədiyi qeyri-dost mövqe hər kəsə bəllidir”.

Əli Orucov cari ildə cinayət prosesinin sürətləndiriləcəyini düşünür: 

“Qeyri-qanuni əməllərinə görə hər kəs cavab verməli olacaq. Mənim üçün maraqlı olan məqam isə ondan ibarətdir ki, dövləti təhlükəyə atan bu kimi şəxslər niyə vaxtında zərərsizləşdirilmir və sabiq Administrasiya rəhbərindən heç də az təhlükəli olmayan şəxslər hələ də vəzifələrində qalırlar? Onların yarıtmaz fəaliyyəti cəmiyyətdə ciddi narazılıqlar və ümidsizlik yaradır”.

Xatırladaq ki, Ramiz Mehdiyevə qarşı Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham irəli sürülüb. Ötən ilin oktyabrında Bakının Səbail rayon Məhkəməsi Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Mehdiyevin ittiham olunduğu maddələr təqsirləndirilən şəxsin əmlaklarının müsadirə olunmasını da nəzərdə tutur.

Qiymət Mahir

TodayPress TV

tag: Əli Orucov,Politoloq,Ramiz Mehdiyev,Mehdiyev işi,Todaypress.tv,