Laçında daha üç SES tikilir - GÖRÜNTÜ
Ölkə başçısının tapşırığına uyğun
olaraq “AzərEnerji” tərəfindən Laçın rayonunda ümumi gücü 10,7 meqavat olan
daha üç su elektrik stansiyası (SES) inşa edilir.
TodayPress TV xəbər verir ki, Şəlvə çayının Laçın rayonundan keçən
hissəsində tikilən 4,59 meqavatlıq “Seyidlər”, 3,16 meqavatlıq “Bülövlü” və
2,93 meqavatlıq “Qoşasu” su elektrik stansiyalarının hər biri üçün suqəbuledici
qurğular inşa olunub.
Mürəkkəb dağlıq relyefdə
stansiyalara suyun çatdırılması üçün ümumilikdə, 14,5 kilometr uzunluğunda
derivasiya boru xətləri çəkilib.
Hazırda hər üç stansiyada tikinti
işləri yekunlaşmaq üzrədir. Stansiyalarda turbin və generatorların
quraşdırılması həyata keçirilir. İşlərin yaxın aylarda başa çatdırılması nəzərdə
tutulur.
Qeyd edək ki, son 6 il ərzində “AzərEnerji”
tərəfindən Laçın rayonunda ümumi gücü 72,6 meqavat olan 11 su elektrik
stansiyası tikilərək istismara verilib. Yeni üç stansiyanın da istifadəyə
verilməsi ilə rayonda fəaliyyət göstərən su elektrik stansiyalarının sayı 14-ə,
ümumi gücü isə 83,3 meqavata çatacaq.
Hazırda Laçın rayonunun 8-10
meqavatlıq elektrik tələbatı tam olaraq su elektrik stansiyalarında istehsal
olunan “yaşıl enerji” hesabına qarşılanır.
Tələbatdan artıq istehsal olunan elektrik enerjisi isə ölkənin vahid enerjisisteminə ötürülür.