SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı

SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı
31.07.2026 13:10 Gündəm

Kiprdə ikili Britaniya-Azərbaycan vətəndaşı olan 44 yaşlı Rəşad Sultanov İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) üçün casusluq fəaliyyəti göstərməkdə ittiham olunaraq həbs edilib.

TodayPress TV  xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.

Məlumata görə, Şimali Londonun İslinqton rayonunda yaşayan Rəşad Sultanov iyulun 17-də Kipr hakimiyyəti tərəfindən saxlanılıb. Hazırda onun ekstradisiya prosesi davam etdiyi üçün həbsdə saxlanıldığı bildirilir.

Polisin açıqlamasına əsasən, istintaq Böyük Britaniyanın Milli Təhlükəsizlik Qanunu çərçivəsində xaricdə aparılan ilk araşdırmalardan biridir. İddialara görə, Sultanov ötən il mayın 11-dən iyunun 22-dək Kiprdə yerləşən Böyük Britaniyanın "RAF Akrotiri" hərbi-hava bazasında müşahidələr aparıb və topladığı məlumatları SEPAH-a ötürüb.

London Polis İdarəsinin terrorla mübarizə bölməsinin rəhbəri Helen Flanaqan bildirib ki, bu iş Böyük Britaniyanın hərbi obyektlərinin xaricdə düşmən dövlətlərin fəaliyyəti ilə hədəfə alınması hallarında Milli Təhlükəsizlik Qanununun tətbiq oluna biləcəyini göstərir.

Qeyd edək ki, SEPAH bu ayın əvvəlində ABŞ-nin İrana qarşı mümkün əməliyyatlarında istifadə olunacağı təqdirdə Britaniyanın hərbi bazalarını hədəfə alacağı ilə hədələmişdi.

Xatırladaq ki, Kiprdə yerləşən RAF Akrotiri Böyük Britaniyanın adadakı iki suveren hərbi bazasından biridir. Baza daha əvvəl İraq, Suriya və Yəməndə həyata keçirilən hərbi əməliyyatlarda mühüm logistika və aviasiya mərkəzi kimi istifadə olunub.

Hazırda Rəşad Sultanov barəsində hüquqi prosedurlar davam edir.

O, ittihamlarla bağlı məhkəmə qarşısına çıxarılacaq.

Jalə Rövşən 

XƏBƏR LENTİ
31 IYUL 2026
Bütün Xəbərlər