İran Azərbaycanla media savaşına başlayır? - “Qara siyahı” yayıldı
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu İran Kəşfiyyat Nazirliyinin xaricdə fəaliyyət göstərən iranlı müxalif media qurumları və media fəalları ilə bağlı açıqlamasını şərh edib.
TodayPress TV xəbər verir ki, politoloq bildirib ki, İranın açıqladığı siyahıda Güney Azərbaycan Televiziyasının (Günaz TV) də yer aldığını qeyd edib.
Onun sözlərinə görə, İran hakimiyyəti Günaz TV-yə müsahibə verən, mesaj göndərən, foto və video paylaşan şəxslərin “casusluğa görə cəzanın artırılması haqqında qanunun 4-cü maddəsi” əsasında ağır cəzalandırıla biləcəyi barədə xəbərdarlıq edib.
E.Şahinoğlu bildirib ki, İkinci Qarabağ müharibəsi zamanı Güney Azərbaycandan olan şəxslər Günaz TV-yə Ermənistana daşınan hərbi yüklərlə bağlı foto və videolar göndəriblər.
Politoloq qeyd edib ki, İran ərazisindən Ermənistana hərbi yüklərin daşınması ilə bağlı məlumatların yayılmasından sonra Tehrana etirazlar bildirilib və proses dayandırılıb.
“İran rejiminin məntiqinə görə, həmin məlumatları paylaşan şəxslər cəzalandırılmalıdır. Günaz TV Güney Azərbaycanda geniş izlənilir, müxtəlif proqramlara mesajlar yazılır, zənglər edilir və şərhlər verilir. İran hakimiyyəti isə bunun qarşısını almağa çalışır”, - deyə o vurğulayıb.
Elxan Şahinoğlu Azərbaycanın da analoji addım atıb-atmamalı olduğu sualını gündəmə gətirib. O bildirib ki, İranda Azərbaycan əleyhinə təbliğat və dezinformasiya yayan bəzi media qurumlarına müsahibə verən və məlumat ötürən şəxslərlə bağlı hüquqi mexanizmlərin tətbiqi məsələsi müzakirə oluna bilər.
Politoloq əlavə edib ki, İranın “Səhər” televiziyası da zaman-zaman Azərbaycanla bağlı proqramlar hazırlayır və azərbaycanlı ekspertlərdən açıqlamalar almağa çalışır.
Kübra Musayeva